Vətən müharibəsinin qəhrəman hərbçilərindən biri, 2022-ci ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın sərhəddə törətdiyi təxribatın qarşısını alarkən şəhid olan gizir Vadim Qocayevin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb.
“Report”un məlumatına görə, körpənin evə yola salınması mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak edib.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı jurnalistlərə açıqlamasında bildirib ki, şəhidin övladı noyabr ayının 25-də doğulub: “Körpənin çəkisi 2 kq 900 qramdır. Dörd gün nəzarətimizdə olub, aktiv qidalanır, səhhəti yaxşıdır. Bu gün evə buraxılır və yaxın 2 həftə müddətində nəzarətimizdə qalacaq”.
Vətən müharibəsinin iştirakçısı Elvin Rəsulov deyib ki, V.Qocayevlə uzun müddət bir yerdə xidmət edib: “Vətən müharibəsində də çiyin-çiyinə döyüşmüşük. Müharibədə mən yaralandım, amma Vadim xidmətini davam etdirirdi. O, övladının doğulmasını səbirsizliklə gözləyirdi. Zeyd ikinci övladıdır, bu gün həm də qızı İlaydanın bir yaşı tamam olur”.