
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Quru Qoşunlarının komandanı, briqada generalı Məhəmməd Pakpur Ərdəbil və Şərqi Azərbaycan vilayətlərindəki Araz bölgəsində keçirilən iri hərbi təlimin əhəmiyyətindən danışıb.
Modern.az-ın “Mehr”ə istinadən məlumatına görə, general deyib ki, İranın milli təhlükəsizliyi və maraqları şimal sərhədlərində keçirilən təlimin əhəmiyyətini göstərən “qırmızı xətt”dir.
Təlimlərin son mərhələsinin Ərdəbilin Moqan bölgəsində keçiriləcəyini bildirən Pakpur “müxtəlif təlim proqramları gündəmdədir, lakin onların yeri və vaxtı bölgənin həssaslığına bağlıdır” söyləyib.
“Araz və Qafqaz bölgəsi də eyni həssaslıqlara malikdir, geosiyasi sərhədlərdə dəyişiklik olarsa, biz bunu heç bir şəkildə qəbul etməyəcəyik”, – SEPAH-ın komandanı xəbərdarlıq edib.
Məhəmməd Pakpur daha sonra əlavə edib: “Düşmənimiz, yəni sionist rejim müxtəlif şirkətlər şəklində şimal sərhədlərindəki bəzi qonşu dövlətlərdə baza qurur və biz qəti şəkildə bu rejimin sərhədlərimizdə bazaya malik olmasına icazə verməyəcəyik…
…İslam Respublikası harda təhlükə hiss edirsə, o əraziyə çoxlu sayda silahlı qüvvələr göndərir və onları orada yerləşdirir ki, bu da İran silahlı qüvvələrinin gücünü göstərir”.
General “biz milli maraqlarımıza və milli təhlükəsizliyimizə ciddi yanaşırıq və sərhədlərdə milli maraqlarımıza və milli təhlükəsizliyimizə xələl gətirəcək hər hansı dəyişikliyi qəbul etmirik”, – deyə vurğulayıb.
O, daha sonra təlim zamanı göstərdikləri qonaqpərvərliyə görə bölgə əhalisinə təşəkkür edib.