Qurani-Kərimin və hədislərimizin buyurduğuna görə, şeytan (lən) üçün tövbə qapısı açıq deyildir. Çünki:
1. Qurani-Kərimdə buyurulur ki, o əməlləri bağışlayaram ki, nadanlıq üzündən yerinə yetirilmiş olsun, bilərəkdən deyil. “Əslində (qəbulu İlahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir”. (“Nisa” 17).
“Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə, onlara: “Salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır” de”. (“Ənam” 24).
Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, bu ayələrdə nadanlıq dedikdə məqsəd odur ki, bəndə üsyan və itaətsizlik üzündən günah etməsin, bəlkə nadanlıq və cəhaləti üzündən günah etmiş olsun. İmam Sadiq (ə) buyurur ki, cəhalət dedikdə məqsəd odur ki, bəndə pis iş görməyi qərar verən zaman həmin günahın hökmündən agah olmasına baxmayaraq, onu cəhalət halında yerinə yetirər.
Sonra Həzrət, Yusifə (ə) aid olan ayəyə işarə edir. “Dedi: “Heç cahil və nadan olduğunuz zaman Yusuf və qardaşı ilə nə etdiyinizi bilirsiniz?!””. (“Yusif” 89).
Ancaq şeytan (lən) Allaha itaətsizlik və üsyan üzündən günah etmişdir. Buna görə heç vaxt peşman olmamışdır. Özünü həmişə haqlı hesab etmişdir. Bu səbəbdən tövbə qapısı onun üzünə bağlıdır.
Şeytan (lən) Allaha üzünü çevirib demir ki, məni bağışla. Əksinə, hətta Ondan bəndələrini yolundan azdırmaq üçün möhlət istəyir. Etdiyi günahına görə inadkarlıq edir. Ona görə də şeytanın günahı o qədər böyükdür və təsirlidir ki, tövbə ona aid edilmir. (Beytutə)
2. Tövbənin şərtlərindən biri keçmişin əvəzini verib, gələcəkdə islah olmaqdır. Şeytan (lən) heç bir zaman bu əməli yerinə yetirməmişdir. Əgər şeytan tövbə etmək istəsə, gərək yolundan azdırdığı bütün insanları hidayət etsin, sonra tövbə etsin.
Bu halda onun tövbəsi qəbul ola bilər ki, bu da mümkünsüz görünür.
Uca Allah bizləri şeytanın (lən) vəsvəsələrindən Özü amanda saxlasın!