Şiddətli döyüşlər davam edir, Ukrayna irəliləyir

Ukraynanın şimal-şərqində şiddətli döyüşlər gedir.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar bildirib.

 

Onun sözlərinə görə, Rusiya ordusu Ukrayna hərbçilərinı ötən il işğaldan azad edilən ərazilərdən çıxarmağa çalışır. Malyar milli televiziyaya açıqlamasında deyib ki, rusların əsas məqsədi Ukrayna ordusunun diqqətini bir sıra uğurlar qazandığı Baxmut bölgəsindən yayındırmaqdır.

 

“Onlar bu həftə hücuma keçiblər. Amma bizim qoşunlarımız hücumlara müqavimət göstərir və bəzən ağır itkilərlə onları geri itələyirlər”, – o bildirib.

 

Malyar vurğulayıb ki, ruslar Baxmutdakı qızğın döyüşlər zamanı heç də az itki verməyiblər. Onu da qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski həftəsonu cəbhənin Baxmut istiqamətində olub və burada hərbçilərlə görüşüb.

 

Ukrayna keçən ay cənuba doğru yönəlmiş əks-hücuma başlayıb. Əsas döyüşlər bu istiqamətdə getsə də, Ukraynanın nəzarətində olan şimal-şərqdəki Kupyansk və Liman şəhərləri ətrafında da şiddətli döyüşlər davam edir.

 

Nazir müavini bildirib ki, Rusiya qüvvələri Ukraynanın cənub cəbhəsində nəzarət etdiyi əraziləri “əzmlə geri almağa” çalışır. Onun sözlərinə görə, Ukrayna cənubda 200 kv.km ərazini geri alıb, lakin möhkəmlənmiş rus mövqeləri və minalara görə irəliləyiş dayanıb.

 

Rusiya qüvvələri, həmçinin Ukraynada yaşayış məntəqələrini vurmağa davam edir. Dünən gecə saatlarında Xarkovda iki raket zərbəsi endirilib. Prokurorluğun məlumatına görə, raketlərdən biri Xarkovda yerli şirkətin anbarına düşüb, bir nəfər yaralanıb. Daha bir raket Rusiya sərhədinə yaxın şərq bölgəsində yerləşən Bolşoy Buruluk kəndində şəxsi evə düşüb, itki yoxdur. Zelenski bildirib ki, şənbə günü Rusiyanın Sumi şəhərində məktəbə endirdiyi zərbə nəticəsində ölənlərin sayı ikiyə çatıb.

 

Rusiya Müdafiə Nazirliyi isə şimal-şərqdə Ukrayna qüvvələrini dayandırdığını bildirib. Nazirlik hərbi fəaliyyətlə bağlı gündəlik hesabatında qeyd edib ki, Rusiya qüvvələri daha cənubda, Liman şəhəri yaxınlığında Ukraynanın dörd hücumunu dəf edib.

Mənbə

Share: