
Bu gün qadınların bayramıdır. 8 Mart dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Qadınlar Günü kimi qeyd olunur. İllərlə formalaşmış ənənəyə uyğun olaraq bəylər özəl gündə xanımları təbrik edir, onlara xoş arzu və istəklərini çatdırır, onlara hədiyyələr verirlər.
Əlbəttə, belə əlamətdar gündə Vətənimizin bütövlüyü, ölkəmizim müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xanımları, qız övladları və anaları xalq olaraq hamımızın diqqətindədir. Bu gün də təbriklərimiz ilk növbədə qəhrəmanlarımızın doğmalarına ünvanlanır, onlara minnətdarlığımızı bildiririk.
Yenə ən gözəl təbriklər şəhid ailələrinin xanım üzvlərinə həsr olunur. Bu dəfə onların 8 Mart bayramını təbrik edənlər isə Azərbaycanın tanınmış, sayılıb-seçilən xanımlarıdır.
Məşhur xanımların Modern.az vasitəsilə qəhrəmanlarımızın əzizlərinə ünvanladığı təbrik mesajlarını təqdim edirik:
Milli Məclisin deputatı Məlahət İbrahimqızı:
“Şəhid anaları, şəhidlərimizin xanımları və onların qızları bütün bayramlarda təbrik olunmağa haqq qazanmış Azərbaycan qadınlarıdır. Nə qədər Azərbaycan xalqı var, belə də davam edəcək. Biz onlara əbədi olaraq borcluyuq”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova:
“Şəhid analarının böyütdüyü oğlanların sayəsində biz Qarabağa qayıtdıq, Azərbaycan qadını olaraq həm də qürurumuzu bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Əminəm ki, şəhid xanımları, qızları və anaları da onlarla qürur duyurlar. Arzu edirəm ki, onların bundan sonrakı həyatları gözəl olsun. Onlara ən xoş arzularımı çatdırıram. Mən özüm də anayam və düşünürəm ki, dünyada ana üçün övladdan dəyərli heç nə yoxdur. Allah şəhid analarına səbr versin”.
Xalq artisti, xanəndə Gülyanaq Məmmədova:
“8 Mart qadınlar bayramı münasibətilə Azərbaycanın bütün xanımlarını, türk dünyasının xanımlarını ürəkdən təbrik edirəm. İlk növbədə şəhid və qazi analarının bayramını təbrik etmək hər birimizin borcudur. Allah onlara güc, səbr və dözüm versin. Bilirəm ki, övlad dərdi ağırdır. Onların qəlbinin yarası dərindir. Hər zaman onların yanındayıq. Onlara cansağlığı arzu edirəm, ən xoş təbriklərimi çatdırıram. Bunu özümə borc bilirəm. Hər kəsə sevinc dolu günlər arzu edirəm”.
Hüquq müdafiəçisi, QHT sədri Novella Cəfəroğlu:
“Düşünürəm ki, belə günlər onlar üçün çətin olur. Çünki bayram münasibətilə onlara övladları, həyat yoldaşları hədiyyələr gətirib, təbrik edərdi. Amma qürur duymalıdırlar ki, övladları vətən uğrunda şəhid olub, Azərbaycanı qoruyub, torpaqlarımızı işğaldan azad ediblər. Biz hamımız onların anasıyıq, bacısıyıq, övladlarıyıq. Onları bütün Azərbaycan təbrik edir. Onların övladları, yoldaşları bizim üçün müqəddəsdir. Şəhid anaları və xanımları əmin olsunlar ki, biz xalq olaraq onların yanındayıq”.
Xalq artisti, tanınmış aktrisa Firəngiz Mütəllimova:
“Mən bütün analara, bacılara cansağlığı diləyirəm. Vətənimizdə əmin-amanlıq, sakitlik olsun, hər bir çətin işimiz sülhlə həll olunsun. Xalqıma, millətimə sülh arzu edirəm. Qadınlar xoşbəxt olsunlar, heç kim nə edim, necə edim, deməsin. Əlbəttə, ilk növbədə təbriklərimizi şəhidlərimizin xanımlarına, analarına, onların qız övladlarına ünvanlayırıq. Onlara cansağlığı, xoş günlər arzulayıram”.
Aytac Əsədova
***
Modern.az kollektivi adından şəhidlərimizin analarını, xanımlarını və qız övladlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edirik!