“Çoxşaxəli ixrac-nəql sistemi Azərbaycanın enerji resurslarının dünya bazarlarına birbaşa çıxışını təmin edib, ölkəmizin rəqabət qabiliyyətinin artmasına və enerji təhlükəsizliyinin güclənməsinə əlverişli zəmin yaradıb”.
“Report” xəbər verir ki, bu fikirləri SOCAR-ın prezidenti Rövşən Nəcəf “Neftçilər Günü”nə həsr olunan konfransda deyib.
Rövşən Nəcəf ölkəmizin dayanıqlı və inkluziv inkişafının təməlinin ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində “Əsrin müqaviləsi” ilə qoyulduğunu qeyd edib. SOCAR-ın prezidenti “Əsrin müqaviləsi”nin ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sənayesinin və insan kapitalının davamlı inkişafına güclü təkan verdiyini və Azərbaycanın iqtisadi qüdrətini daha da artırdığını vurğulayıb.
Builki “Neftçilər Günü”nün “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilk neft hasilatının 25-ci ildönümünə təsadüf etdiyini bildirən Rövşən Nəcəf bu münasibətlə bütün xarici tərəfdaşları təbrik edib, neft sənayemizin inkişafına verdikləri töhfəyə görə onlara təşəkkür edib.
İqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov “Əsrin müqaviləsi”nin və uğurla reallaşdırılan milli neft strategiyasının ölkəmizin sosial-iqtisadi inkişafına, iqtisadiyyata irihəcmli investisiyaların cəlb olunmasına, beynəlxalq aləmdə nüfuzunun artmasına və dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə xidmət etdiyini, həyata keçirilən genişmiqyaslı neft-qaz layihələrinin Azərbaycanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, tərəfdaşlarımızın etibarlı enerji təminatına da böyük töhfə verdiyini vurğulayıb.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Əsrin müqaviləsi”nin həm karbohidrogen ehtiyatlarının, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biri olduğunu bildirib.
Qeyd edək ki, bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 28-ci ildönümü və neft-qaz sənayesi işçilərinin peşə bayramı – “Neftçilər Günü” münasibətilə tədbir keçirilib.
İlk öncə Azərbaycan Respublikasının iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, SOCAR-ın Müşahidə Şurasının üzvü, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi Fəxri xiyabanda müstəqil Azərbaycanın qurucusu, ölkəmizin yeni neft strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla anıblar, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.