Soçidə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 31 oktyabr tarixində birgə bəyanat imzalanıb. Bəyanatda Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin və təhlükəsizliyin vacib olduğu vurğulanıb. İki saatdan artıq davam edən Soçi görüşünün ümumilikdə faydalı olduğu hesab edilir.
Üçtərəfli görüşlə bağlı Qərbin və Amerikanın mesajları bəllidir. Bəs, Türkiyənin reaksiyası necədir?
Ehtiyatda olan türkiyəli general Yücel Karauz Soçi görüşünün nəticələrini Modern.az-a şərh edib. Onun sözlərinə görə, Soçi formatının davam etdirilməsi Brüsseldəki danışıqlardan daha faydalıdır.
“Əgər birini seçmək lazımdırsa, məncə, bu, Soçi formatı olmalıdır. Çünki bölgədən kənar dövlətlərin yerinə region ölkələri özü məsələni həll etsə, daha yaxşı olar. Amma ən optimal variant Azərbaycan və Ermənistanın bir masada məsələlərini özlərinin həll etməsidir. Biz bunun tərəfdarıdır”, – deyə Yücel Karauz vurğulayıb.
Türkiyəli general ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu, Bakının seçdiyi istənilən variantı dəstəkləyəcəklərini vurğulayıb:
“Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq, bunu hər mövzuda açıq şəkildə göstəririk. Amma bəzən Avropanın, bəzən də Rusiyanın şıltaq uşağı kimi özünü aparan Ermənistan artıq ağlını başına yığmalı, sülhə doğru addım atmalıdır. Ermənistana güvən yoxdur, çünki Nikol Paşinyan Soçidən birbaşa Tehrana yola düşdü. Görünür ki, İran sülh müqaviləsinin imzalanmasını istəmir, sadəcə iki ölkə arasında əlaqələrin daha da pozulmasına şərait yaratmaq niyyətindədir. İranı narahat edən məqam Azərbaycanın Türkiyə ilə birlikdə olması, güc göstərməsidir. İran bizim qardaşlığımızın davam etməsini istəmir. Bunlar bizə mane ola bilməzlər. Bizim masada olub-olmamağımız vacib deyil. İstənilən şəraitdə Azərbaycanın yanındayıq. Rusiya lideri Vladimir Putinin dediyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bu, dəyişməz olaraq qalır. Artıq İran və Ermənistan da bunu qəbul etməlidir”.
Qeyd edək ki, Rusiya ilə yanaşı, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə də tərəflər arasında bir sıra görüşlər təşkil olunub. Belə görüşlərin biri ötən ilin dekabrın 14-də Brüsseldə baş tutub. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib. Daha sonra növbəti görüş mayın 22-də Brüsseldə gerçəkləşib. Eyni zamanda avqustun 31-də tərəflər yenidən bir araya gəliblər. Sülh müqaviləsinin ilkin mərhələsinin hazırlanması üçün razılıq əldə olunub. Liderlər arasında sonuncu görüş oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilib. Bu dəfə görüşdə Fransa prezidenti Emanuel Makron da iştirak edib.