Bazar günü Kanaveral kosmodromundan Günəşi tədqiq edəcək “Solar Orbiter” kosmik zondu ilə təchiz edilən “Atlas V” raketdaşıyıcısının buraxılışı həyata keçirilib.
Milletinsesi.az ictnews.az-a istinadən bildirir ki, “Solar Orbiter” ABŞ Kosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyinin 1,5 milyard dollar dəyərində birgə layihəsidir. Zondun missiyası yeddi il təşkil edir. Bu müddət ərzində çəkisi 2 tona yaxın aparat Günəşin aktivliyini və ulduzun qütb sahələrini müşahidə edəcək. “NASA” nümayəndələrinin sözlərinə görə, “Solar Orbiter” helofizikanın əsas məsələsi – Günəşin Günəş sistemində daim dəyişən kosmik mühiti necə yaratması və nəzarət etməsi ilə məşğul olacaq.
Bildirilir ki, “Solar Orbiter” tədqiqatların aparılması zamanı işi 2018-ci ildə “NASA” tərəfindən buraxılan “Parker Solar Probe” zondu ilə koordinasiya edəcək. “Solar Orbiter” ABŞ aparatından fərqli olaraq Yerə Günəşin qütb sahələrinin ilk şəkillərini göndərməyə imkan verəcək fototexnika ilə təchiz olunub.
Məlumata görə, zond on müxtəlif cihazla təchiz edilib. Onların altısı daim Günəşə tərəf yönəldiləcək, dördü isə aparat ətrafında mühitin vəziyyətinin öyrənilməsi üçün istifadə ediləcək.
Bundan başqa, “Solar Orbiter” zonduna Günəşə 42 milyon kilometr məsafəyədək yaxınlaşmağa imkan verəcək xüsusi istilikqoruyucusu quraşdırılıb. Bu anda qoruyucu elementin kənar səthi Selsi üzrə 500 dərəcədən çox qızacaq, istilikqoruyucusunun arxasında yerləşən cihazların temperaturu isə Selsi üzrə 50 dərəcəyə yaxın olacaq.