Son 23 ildə baş vermiş dəhşətli təyyarə QƏZALARI

 

Bu gün Nepalda daxili uçuş həyata keçirən “ATR-72” model sərnişin təyyarəsi Poxara şəhərində qəzaya uğrayıb. Paytaxt Katmandudan 72 nəfəri daşıyan “Yeti Airlines” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 70 nəfər həlak olub. Ölənlərin sayının artacağı istisna edilmir.

Qəzaya uğrayan iki mühərrikli “ATR-72” təyyarəsində iki körpə və dörd ekipaj üzvü, beş Hindistan, dörd rus və bir İrlandiya, iki Cənubi Koreya, bir Avstraliya, bir Fransa və bir Argentina vətəndaşının da olduğu deyilir.

Kiçik Himalay bölkəsinə məxsus hava yolu şirkətinin inventarında “Airbus” və İtaliyanın “Leonardo” şirkətləri tərəfindən birgə istehsal edilən 6 ədəd “ATR-72” təyyarəsi var.  Dünya üzərində uçuşları izləyən “FlightRadar24” mərkəzinin məlumatına əsasən, qəzaya uğrayan təyyarə ən azı 15 il əvvəl istehsal edilib və təyyarəni hava şəraiti ilə bağlı məlumatlarla təmin edən transponder cihazları köhnə olub.

Aviasiya Təhlükəsizliyi Şəbəkəsinin məlumatına görə, bugünkü hadisə son 30 ildə Nepalda baş vermiş ən ölümcül qəza hesab edilir. Everest də daxil olmaqla dünyanın 14 ən yüksək zirvəsindən səkkizinin yerləşdiyi Nepalda 2000-ci ildən bəri ən azı 309 nəfər təyyarə və ya helikopter qəzalarında həlak olub. Avropa İttifaqı təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək 2013-cü ildən Nepal hava yollarına məxsus şirkətlərin İttifaqın hava məkanına girişini qadağan edib.

Millətin Səsi.az Nepalda 2000-ci ildən bəri baş verən qəzalarla bağlı məlumatları təqdim edir.

15 yanvar 2023-cü il

Nepalın “Yeti Airlines” şirkətinə aid 72 nəfəri daşıyan iki mühərrikli “ATR-72” təyyarəsi Poxarada qəzaya uğrayıb, 70 nəfər ölüb. Rəsmilər təyyarənin parçalanması səbəbindən ölənlərin sayının arta biləcəyini açıqlayıblar.

29 may 2022-ci il

Katmandudan 125 kilometr qərbdə, Poxara şəhərindən havaya qalxdıqdan 15 dəqiqə sonra “DHC-6-300” təyyarəsinin qəzaya uğraması nəticəsində on altı nepallı, dörd hindistanlı və iki alman həlak olub.

27 fevral 2019-cu il

Nepalın şərqində pis hava şəraitinə görə helikopterin qəzaya uğraması nəticəsində turizm naziri də daxil olmaqla göyərtədə olan 7 nəfərin hamısı ölüb

12 mart 2018-ci il

Banqladeşə məxsus sərnişin təyyarəsinin Nepalın paytaxtında hava limanına eniş edərkən qəzaya uğraması nəticəsində 71 nəfərdən 51-i həlak olub.

26 fevral 2016-cı il

Nepalın qərbindəki Kalikot bölgəsində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

24 fevral 2016-cı il

“Tara Air” şirkətinə məxsus “Twin Otter” model təyyarə pis hava şəraitinə görə qəzaya uğrayıb, göyərtədə olan 23 nəfərin hamısı dünyasını dəyişib.

16 fevral 2014-cü il

Əlverişsiz hava şəraitində qəzaya uğrayan kiçik təyyarədəki 18 nəfərin hamısı həlak olub.

28 sentyabr 2012-ci il

Kiçiktutumlu təyyarə paytaxt Katmandudan havaya qalxdıqdan qısa müddət sonra quşla toqquşub və qəzaya uğrayıb, nəticədə 7 Britaniya və 5 Çin vətəndanşı daxil olmaqla 19 nəfər ölüb.

25 sentyabr 2011-ci il

Everest dağını seyr etmək üçün xarici turistləri daşıyan kiçik təyyarə Katmandu yaxınlığında qəzaya uğrayıb və göyərtəsində olan 19 nəfərin hamısı həlak olub.

16 dekabr 2010-cu il

Nepalın ucqar şərqində Himalay dağlarının ətəklərində kiçik təyyarə qəzaya uğrayıb, göyərtədə olan 22 nəfər vəfat edib.

24 avqust 2010-cu il

Nepalda pis hava şəraitində kiçik təyyarənin qəzaya uğraması nəticəsində dörd ABŞ, bir Yaponiya və Britaniya vətəndaşı daxil olmaqla 14 nəfər həlak olub.

8 oktyabr 2008-ci il

Nepalın şimal-şərqindəki ucqar dağlarda kiçik şəxsi təyyarənin qəzaya uğraması nəticəsində əksəriyyəti əcnəbilər olmaqla 18 nəfər dünyasını dəyişib.

4 mart 2008-ci il

Nepalda helikopterin qəzaya uğraması nəticəsində 4 BMT əməkdaşı daxil olmaqla 10 nəfər ölüb.

21 iyun 2006-cı il

Nepalın özəl aviaşirkətinə məxsus “Twin Otter” sərnişin təyyarəsi enişdən bir neçə dəqiqə əvvəl qəzaya uğrayıb və göyərtəsində olan 9 nəfərin hamısı həlak olub.

25 may 2004-cü il

Everest dağında kiçik yük təyyarəsinin qəzaya uğraması nəticəsində 3 ekipaj üzvü ölüb.

22 avqust 2002-ci il

Nepalda əcnəbi turistləri daşıyan təyyarə dağa çırpılıb, göyərtəsində olan 18 nəfərin hamısı həlak olub.

27 iyul 2000-ci il

Nepalın qərbində “Twin Otter” model sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 25 nəfərin hamısı keçinib.

Akif İsmayılov

Mənbə

Share: