Son addımları Paşinyanın sui-qəsdinə apara bilər

Son addımları Paşinyanın sui-qəsdinə apara bilər

Ermənistan son zamanlar Qərblə əməkdaşlığı genişləndirir. Bu yaxınlarda Baş nazir Paşinyanın Fransaya səfəri, Fransanın Ermənistana yeni silahlar verməsi, eləcə də Ermənistanın KTMT-dəki fəaliyyətini dondurması bunun əyani sübutudur.

Bu isə Rusiya prezidenti Vladimir Putinin Paşinyanla bağlı münasibətini daha da kəskinləşdirə bilər.

Maraqlıdır Paşinyanın son addımları onun Putin tərəfindən devrilməsinə gətirib çıxara bilərmi? 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu söyləyib ki, Ermənistanın bir neçə dövlətdən asılı vəziyyətə düşüb:

“Keçmiş illərdə Ermənistan ancaq Rusiyadan asılı idi. Baş nazir Nikol Paşinyan son illərdə Ermənistanı Fransadan da  asılı vəziyyətə salıb. 

Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması hallarının artması İrəvana xarici təsirlərin nəticəsidir. Sərhəddəki insidentlər bölgədə yeni müharibə riskini artırmaqla yanaşı, Bbaş nazir Nikol Paşinyanın özü üçün də təhlükəlidir. Çünki Paşinyanın mövqelərini zəiflətmək üçün bölgədə gərginlik yaratmaq istəyən daxili və xarici qüvvələr var. Azərbaycan üçün təxribatın kimin həyata keçirməsinin fərqi yoxdur. Azərbaycan Ordusu təxribatın icraçılarına zərbələr endirəcək. Bu təxribatların sonu genişmiqyaslı toqquşma ilə nəticələnə bilər. Azərbaycan Ordusu hər dəfə qarşı tərəfin təxribatına cavab olaraq genişmiqyaslı əməliyyatlara başlayıb və uğur qazanıb”. 

Politoloqun fikrincə, Fransa və rəsmi Vaşinqton Ermənistandan rus hərbi bazalarını ərazisindən çıxarmağı tələb edəcək:

“Rusiyalı rəsmilər Ermənistan-Azərbaycan şərti sərhədində baş verən son insidentin Qərbin maraqlarına uyğun olduğuna işarə ediblər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov fevralın 14-də açıqlama verərək, Qərbin Bakı ilə İrəvan arasında postmünaqişə dövründə nizamlanmaya təsir göstərməyə çalışdığını bildirib. İki gün sonra oxşar açıqlama Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevdən gəlib. “Qərb Cənubi Qafqazda vəziyyəti qarışdırmağa, Ermənistan-Azərbaycan məsələsinin həll prosesinə müdaxilə etməyə çalışır” deyən Patruşev bunun bölgədə vəziyyəti gərginləşdirdiyini vurğulayıb. 

Rusiyalı rəsmilər Ermənistanla bağlı “Qərb” dedikdə əsasən iki dövləti – ABŞ və Fransanı nəzərdə tuturlar. ABŞ Ermənistana hələ ki silah və hərbi texnika göndərmir. Nikol Paşinyan Fransa ilə hərbi əməkdaşlığı dərinləşdirməyə qərar verib. O, əvvəlcə Parisə səfər edərək Fransa prezidenti Emmaunel Makronla görüşdü. Bundan sonra Fransanın müdafiə naziri Ermənistana səfər etdi. Fransa Ermənistana yeni hərbi texnika, radar və hava hücumundan müdafiə sistemləri verəcək. 

Bu arada, Paşinyanın iki açıqlaması diqqəti çəkib. O birinci açıqlamasında deyib ki, guya Azərbaycan Ermənistana qarşı yeni müharibəyə hazırlaşır və Ermənistanın ərazilərini işğal etmək istəyir. Paşinyan bu açıqlamanı ona görə verib ki, Fransa və digər Qərb ölkələri Ermənistana daha çox silah və hərbi texnika göndərsinlər. Fransa rəsmiləri açıq bildirirlər ki, Ermənistanı Azərbaycandan qoruyurlar. Halbuki, Azərbaycanın Ermənistan ərazisinə hücum etmək planı yoxdur. Rəsmi Bakı Ermənistanla sülh sazişinin imzalanmasında maraqlıdır. Ancaq Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq istəmir.

Paşinyan ikinci açıqlamasında deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini donduracaq. Bu da Parisin və Vaşinqtonun Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək üçün Nikol Paşinyana tələbi ola bilər. Növbəti mərhələdə Nikol Paşinyandan Rusiya hərbi bazasını Ermənistandan çıxartmaq tələb olunacaq”. 

Elxan Şahinoğlu vurğulayıb ki, proseslər Paşinyanın sui-qəsdinə gətirib çıxara bilər:

“Nikol Paşinyanın Fransadan hərbi asılılığını artırması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı haqqında dediyi sözlər Kremlin narazılığına səbəb olacaq. Ermənistanın KTMT-dən uzaqlaşması Rusiyanın imicinə zərbədir. Buna görə də Moskva müxtəlif üsullarla Nikol Paşinyana və onun hökumətə təzyiqi artıracaq. Bu təzyiq özünü Ermənistanda qarışıqlıq yaratmaq və Nikol Paşinyana sui-qəsd təşkil etməyə qədər göstərə bilər”.

Mənbə

Share: