“Son oyunlar göstərdi ki, heyətimiz elə də geniş deyil, rotasiyalar edə bilmirik”.
Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.
39 yaşlı mütəxəssis “Kəpəz”ə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI turunun matçının ikinci hissəsində çox zəif təsir bağışladıqlarını bildirib: “Mənzərəyə baxanda “Qarabağ” və “Sumqayıt”la görüşlərin çətin keçəcəyini düşünürdük. “Qarabağ”a qarşı yaxşı mübarizə aparmışdıq, beş gün sonra isə “Sumqayıt”la üz-üzə gəldik. Həmin oyunda rəqibdən çox üstün idik. Amma təəssüflər olsun ki, bir xalla kifayətləndik. Ardınca kubokda “Qəbələ” ilə bərabərə qaldıq və çempionatda “Kəpəz”ə yenildik”.
Bağırov sabah “Qəbələ”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab maçtı (ilk oyun – 1:1) barədə də danışıb: “Növbəti raund üçün şansların bərabər olduğunu düşünürəm. Maksimum dərəcədə matça köklənmək və əlimizə düşən imkanlardan istifadə etmək istəyirik”.
Qeyd edək ki, fevralın 9-da oynanılacaq “Qəbələ” – “Araz-Naxçıvan” qarşılaşması saat 16:00-da başlayacaq.