“Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Aztəminatlı ailə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir”.
Bu sözləri açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.
Rəşad Mehdili bildirir ki, müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım almaq hüququna malikdirlər:
“Ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişi alması, ailə üzvünün vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi,azadlıqdan məhrum edilməsi, olduğu yerin naməlum olması.
2021-ci il üzrə qanunla 1 nəfər üçün ehtiyac meyarı 170 manat təsdiq olunub. Məsələn, bir evdə yaşan 3 nəfərlik ailə üçün ehtiyac meyarının məcmusu 510 manatdır. Əgər ailənin orta aylıq gəliri 510 manatdan aşağıdırsa, bu halda ailəyə aradakı fərqi aradan qaldırmaq üçün sosial yardım təyin edilir”./lent.az