
Son günlər İran rəsmilərinin Azərbaycana qarşı təhdidlərinin ardı-arası kəsilmir. Tehrandan səslənən təxribatçı mesajlar bir daha təsdiqləyir ki, üzdə Azərbaycanı “dost” adlandıran qonşu İran 44 günlük müharibədə qazandığımız qələbəni və regionda yaratdığımız yeni reallıqları qəbul edə bilmir, eyni zamanda bölgədə sülhün təmin olunmasını istəmir. Xüsusilə də sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların getdiyi bir məqamda İran vəziyyəti gərginləşdirmək üçün bütün variantlardan istifadə edərək açıq-aşkar ermənipərəst mövqe sərgiləyir.
Onsuz da dünyadan təcrid olunmuş İran Azərbaycanı hədəf seçməklə nə əldə etmək istəyir? Tehranın erməni sevgisi nədən qaynaqlanır?
Bununla bağlı Modern.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, İran Azərbaycan və Ermənistan arasında gərginlik yaratmaqla mənfəət qazanmaq istəyir, lakin bu istəyinə çata bilməyəcək:
“Hazırda Cənubi Qafqazda gedən proseslərdə Fransa, ABŞ, Rusiya və Türkiyə iştirak edir. İran isə oyundan kənardadır. O da digərləri kimi proseslərin iştirakçısına çevrilmək istəyir. Bu prosesdə iştirak edən dövlətlər mənfəət əldə etdiyi kimi, İran da mənfəət əldə etmək istəyir. Yaxşı olardı ki, Azərbaycan və Ermənistan problemi ikilikdə özləri həll etsinlər. Belə olsa, başqa ölkələrin vəziyyətdən istifadə edib mənfəət əldə etməsinin qarşısı alınardı”.
İranın təhdidlərinə gəlincə, Zərdüşt Əlizadə buna fikir verməməyi məsləhət görür:
“İranın bəyanatlarına fikir vermək lazım deyil. Hazırda İranın sərhədlərinə toxunan yoxdur. Azərbaycan Ermənistanla sərhədlərini dəqiqləşdirmək istəyir. Kiminsə torpağını əlindən almağı hədəfləmirik. Azərbaycanın təklifləri sadə və çox aydındır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və ərazi iddialarından əl çəkməlidir. Vəssalam! İranın bəyanatlarına, hərbi təlimlərinə fikir vermək lazım deyil. İran heç vaxt özünü təhlükəyə atıb Azərbaycanla hərbi münaqişəyə girməz. İranın fikirləri stəkanda fırtına kimidir. Yəni boş və mənasızdır”.
Politoloq onu vurğulayıb ki, İranın Zəngəzur dəhlizinin açılması qarşı çıxması absurddur. Çünki bu məsələ İrana deyil, Azərbaycan və Ermənistana aiddir:
“Zəngəzur dəhlizi İranı yox, Ermənistanı maraqlandıran məsələdir. Azərbaycan dəhlizin açılmasını tələb edəndə başqa dövlətlərin də maraqlarını nəzərə alır. Zəngəzur yolu Laçın yolu kimi eyni statusa malik olacaq. Ermənilər Zəngəzur yoluna hansı statusun verilməsinə razı olsalar, Laçın yolunun statusu da belə olacaq. Biz Ermənistanla əbədi düşmənçilik etmək fikrində deyilik. Ərazi bütövlüyünü tanıyandan, münaqişə bitəndən sonra normal qonşuluq əlaqəsi qurulacaq. O zaman Ermənistanın nəzarət etdiyi yol vasitəsilə Azərbaycan öz yüklərini Naxçıvana göndərəcək. Naxçıvandan Azərbaycana gəliş təmin olunacaq. İran isə təhdidlər səsləndirməklə heç nə əldə edə bilməz”.