Su Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Məntəqəsinin və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin nümayəndələri ilə birlikdə xidməti ərazidə ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, qərb bölgəsindəki su hövzələrində ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı aparılan tədbirlər zamanı balıqçılar tərəfindən quraşdırılmış və uzunluğu 300 metrə yaxın sintetik tor, eləcə də balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən aşkarlanaraq sudan çıxarılıb və müəyyən edilmiş yerdə məhv edilib.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən cari ilin müvafiq dövrü ərzində qanunsuz olaraq balıq ovu ilə bağlı 14 fakt aşkarlanıb ki, həmin faktlardan səkkizi cinayət, altısı isə inzibati xarakterlidir. Cinayət işi üzrə olan faktlardan altısı elektrik avadanlıqlarından istifadə edilməklə balıq və digər su canlılarının kütləvi qırılması, ikisi isə çay xərçəngi ovu ilə bağlıdır.