Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
Milletinsesi.az xəbər verir ki, Qanlı Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər və rayon, kənd və qəsəbələrində, idarə və təşkilatlarında 20 Yanvar hadisələri ilə bağlı anma mərasimləri keçirilir. Yüz minlərlə insan yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə qərənfillər düzürlər.