Azərbaycan və Ermənistan liderləri arasında Praqada keçirilən görüşdən sonra sülh müqaviləsinin imzalanmasına ümidlər yaranıb. Dördtərəfli görüşün yekununda qəbul edilmiş bəyanatda Azərbaycan və Ermənistanın bir-birinin qarşılıqlı olaraq ərazi bötüvlüyünü tanıması sülh istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Siyasi kluarlarla gəzən söhbətlərdə sülh müqaviləsinin bu il ərzində imzalanacağı, hazırda sazişin mətninin razılaşdırma prosesində olduğu iddia edilir.
Praqa görüşünün nəticələrini Modern.az-a şərh edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu bildirib ki, danışıqlar sülh müqaviləsini irəli aparmaq baxımından çox vacibdir:
“Buna qədər Avropada keçirilmiş digər görüşlərdə sülh gündəliyinin formalaşdırılması istiqamətində bir sıra addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirdiyi görüşdə sülh müqaviləsinin müzakirə olunması ilə bağlı razılığa gəlinmişdi. Bu razılığa uyğun olaraq XİN başçıları oktyabrın 2-də görüş keçirdilər. Bütün bunlar onu göstərir ki, Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülh müqaviləsinin imzalanmasına doğru addımlar atılmaqdadır. Praqada keçirilən görüş də mahiyyət etibarı ilə ona qədər keçirilmiş görüşlərin davamı hesab edilə bilər”.
Deputatın sözlərinə görə, Praqa görüşündə ərazi bütövlüyünün tanınması məsələsi prioritet olub:
“Ərazilərin 1991-ci ildə qəbul olunmuş Alma-Ata bəyannaməsinə əsasən tanınması rəsmən elan olundu. Bu, o anlama gəlir ki, SSRİ vaxtındakı sərhədlər daxilində tərəflər bir-birilərinin ərazi bütövlüyünü tanıyacaqlar. Bir müddət əvvəl Baş nazir Nikol Paşinyan da qeyd etmişdi ki, onun borcu 29,743 min kvadrat kilometr Ermənistan ərazisinin mövcudluğunu qoruyub saxlamaqdır. Bu da Ermənistanın vəziyyətin ciddiliyini dərk etdiyini göstərməkdədir. Çünki Azərbaycan Prezidenti bəyan etmişdi ki, əlimizdə 19 və 20-ci əsrlərə aid sərhəd xəritələri mövcuddur. Bu Nikol Paşinyan və Ermənistanı ciddi şəkildə qorxuya salmışdı. Çünki köhnə sərhədlərə istinad olunacağı təqdirdə indiki Ermənistan ərazisindən heç nə qalmayacaq. Zəngəzur və Göyçə də Azərbaycana daxil olacaq. Amma biz həmişə beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunalmızlığı prinspindən çıxış edirik. Hesab edirəm ki, SSRİ dağıldıqdan sonra dövlətlər hansı sərhədlərlə müstəqilliyinə qovuşmuşdularsa, o sərhədlər əsas götürüləcək. Bu zaman Ermənistan Qarabağın dağlıq hissəsini də Azərbaycan ərazisi kimi tanımış olacaq”.
Parlamentari qeyd edib ki, hazırda qarşılıqlı olaraq tanınmış sərhədlərin dəqiqləşdirilməsi məsələsi əsasdır. Yəni sərhədlərin delimitasiya və demarkasiyası tezliklə başa çatdırılmalıdır:
“Bu şərtin təmin olunması istiqamətində artıq prinsipial razılığa gəlinib. Əlbəttə, bu, Azərbaycanın böyük uğurudur. Bu, həm də onu göstərir ki, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif paketinə uyğun olaraq Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsi həyata keçirilməkdədir”.
E.Mirbəşiroğlunun fikrincə, bu ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər:
“ Azərbaycan Prezidenti də bu fikri səsləndirib. Sülh mətnin hazırlanması üçün işçi qrupunun işə başlaması ilə bağlı artıq razılıq əldə olunub. Prosesin qısa müddət ərzində həyata keçirilməsi vacib məsələ kimi nəzərdə tutulur. Bu baxımdan mən hesab edirəm ki, Azərbaycanın iradəsi ilə yaxın zamanlarda Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanacaq. Yəni proseslər bu cür davam edərsə, heç bir axsama olmazsa, ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasını gözləyə bilərik”.
Qeyd edək ki, Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib.
Yelisey sarayının rəsmi saytında dərc edilən bəyanata əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü, suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.
“Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”, – bəyanatda vurğulanıb.