Son vaxtlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində – Qarabağda qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən təxribatlar kontekstində sülhməramlıların fəaliyyəti geniş müzakirə olunur. Adından da göründüyü kimi, məramı sülhü təmin etmək olan hərbi kontingent bu təxribatların qarşısını almaq əvəzinə nəinki onlara göz yumur, hətta bir çox hallarda təxribatlara şərait yaradır.
Qarabağın erməni əhalisinin Azərbaycana inteqrasiya olunmasına mane olan, onları separatçılığa həvəsləndirən, qondarma qurumun himayəçisi rolunda çıxış edən Rusiya sülhməramlıları öz missiyalarını və funksiyalarını yerinə yetirə bilmirlər. Daha doğrusu, yerinə yetirmək istəmirlər və yerinə yetirmirlər.
Atəşkəs rejiminin pozulması, sülhməramlıların nəzarətində olan ərazilərdə ekoloji və iqtisadi istismar, Laçın dəhlizinin üçüncü ölkə vətəndaşları üçün “karvansaraya” çevrilməsi, Ermənistandan qondarma quruma silahların və hərbi texnikanın daşınması – bütün bunlar Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş verən qanunsuzluqlardan sadəcə bir neçəsidir.
Sonuncu nümunə isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinq aparması üçün zəruri şəraitin yaradılmaması və Azərbaycan rəsmi qurumunun təmsilçilərinə Azərbaycan ərazilərində normal fəaliyyət göstərməyə mane olunmasıdır. Bu faktlar Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması barədə diskussiyaları yenidən gündəmə gətirib.
Sülhməramlılar Qarabağdan necə çıxarıla bilər?
Əvvəla qeyd etmək lazımdır ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin qlobal miqyasda sülhməramlı missiya kimi qəbul edilməsi üçün beynəlxalq mandatları mövcud deyil. Bundan başqa, sülhməramlıların səlahiyyət çərçivəsi barədə də hər hansı sənəd yoxdur. Sülhməramlıların fəaliyyəti yalnız 2020-ci ilin 9 noyabrından 10 noyabrına keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanatla tənzimlənir ki, bu bəyanat heç bir ölkənin parlamentində ratifikasiya edilməyib.
Üçtərəfli bəyanatda Rusiya sülhməramlıları ilə bağlı 2 maddə təsbit olunub: 3-cü və 4-cü maddələr.
“3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri əleyhinə çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.
Göründüyü kimi, bəyanatın 3-cü maddəsində Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin və hərbi texnikalarının konkret sayı müəyyən edilib. Lakin müşahidələr kontingentin bundan daha geniş tərkibə malik olması ilə bağlı əsaslı şübhələr yaradır. Hər halda bunun yoxlanılması və mütəmadi nəzarət olunması üçün heç bir mexanizm olmadığı üçün sülhməramlıların bu məsələdə “özbaşına” qaldığını demək mümkündür. Yəni bəyanatın 3-cü maddəsinin tələblərinin pozulması ilə bağlı ehtimallar kifayət qədərdir.
Daha önəmli məsələ isə bəyanatın 4-cü maddəsində öz əksini tapıb. Burada açıq-aydın ifadə olunub ki, sülhməramlılar erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Müharibənin yekunlaşmasından və bəyanatın imzalanmasından 2 ildən çox vaxt keçməsinə baxmayaraq, bu maddənin də tələblərinin yerinə yetirilməməsi aşkardır.
4-cü maddənin ikinci cümləsi isə sualımıza cavab verir: “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri əleyhinə çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.
Ən geci 2025-ci ilin 10 noyabr tarixində sülhməramlıların ərazidən çıxması baş verməlidir. Çünki missiyanın növbəti 5 ilə fəaliyyətini uzatması üçün Azərbaycan bunun əleyhinə çıxmamalıdır. Başqa sözlə, rəsmi Bakının buna razılığı olmalıdır.
Azərbaycanın yuxarıda sadalanan faktlardan sonra sülhməramlıların fəaliyyətini davam etdirməsinə razılaşması mümkünsüz hesab olunur. Bu isə onu deməyə əsas verir ki, sülhməramlıların fəaliyyət müddətinin bitməsinə 6 ay qalmış Azərbaycan tərəfi missiyanın uzadılmasına qarşı çıxaraq onların Qarabağdan kənarlaşdırımasına nail ola bilər.
Hazırladı:
Modern Təhlil qrupu