Sülhü yox, erməni kimi qalmağı üstün sayanlara MÜRACİƏT 

Bir müddətdir ki, Ermənistan Baş naziri Nikol Paşinyan çıxışlarında sülh naminə Konstitusiyanı dəyişməyin vacibliyini vurğulasa da, ermənilər bu ideyanı süngüylə qarşılayır, “Azərbaycanın tələbi ilə  Konstitusiya dəyişilir” çağırışını tez-tez səsləndirməklə cəmiyyəti qınağa doldurmağa çalışır, hakimiyyətə qarşı antitəbliğat kampaniyasını genişləndirirlər. Fevralın 7-də parlamentin hökümət saatı yığıncağında Paşinyan indiyədək demədiyi bir açıqlama ilə də çıxış etdi: “ Konstitusiyaya dəyişiklik etmədən də Azərbaycanla sülh müqaviləsi bağlamaq olar”. Məsələyə aydınlıq gətirərək qanunvericilikdə ( yəni Konstitusiyada) nəzərdə tutulan maddənin sülh müqaviləsində götürülən öhdəliklərin yerinə yetirilməsinə mane olmayacağı müddəasının yer alacağını bildirən Paşinyan, hətta, Azərbaycanla bu məsələnin razılaşdırıldığını da qeyd etdi. Bizim razı olub olmayacağımızı zaman göstərəcək, yalnız onu demək olar ki, bu məkrli millətin öhdəliyi çox şübhəlidir. Bununla belə,  hakimiyyət uğrunda mübarizə aparanlar Konstitusiya dəyişmədiyi halda müharibə olacağı xəbərdarlığını diqqətə çatdıran baş nazirə qarşı duyğu sümürgəçiliyindən istifadə edir, Paşinyanın erməni millətini “müharibə , yoxsa şərəfsizlik” dilemması qarşısında qoyduğunu iddia edirlər. Ermənilər milli kimliklərinin əsası olan ideoloji prinsiplərin və rəmzlərin məhv edildiyini, milli müqavimətin, konsolidasiya imkanlarının kəskin şəkildə zəiflədildiyini vurğulayaraq, güclənib Azərbaycana qarşı mübarizə aparmağı, ardınca da müharibə etməyi “sınmış millətin” yeganə çıxış yolu kimi görürlər. Ermənistan ictimai radiosuna Paşinyan müsahibə verdikdən sonra radionun direktoru Qaregin Xumaryan ictimaiyyətdən üzr istəyir və üzrünün səbəbini onunla əsaslandırır ki, “ Paşinyan bizə türklər qarşısında güclü olmalıyıq demək əvəzinə, gəlin erməni olmaqdan əl çəkək dedi”. Əsrlərdir doğru söz əvəzinə “dənizdən- dənizə” uydurması ilə yaşayan, beyinləri yuyulan bir toplumun jurnalistindən bundan artıq şərh də gözləməyə dəyməz.

  Silahlanmağın, ordunun gücləndirilməsinin vacib şərt olduğunu əsas götürən siyasi qüvvələr, bu çağırışlarla ölkənin müdafiə qabiliyyətini deyil, Azərbaycana qarşı müharibəyə hazırlaşmağı təbliğ edirlər. Azərbaycana yaxşı tanış olan Samvel Babayan isə cəmiyyəti buna inandırmaq məqsədilə yaxın tarixdən sitat gətirir:” Müstəqil erməni dövlətinin yeni tarixi sübut edir ki, beynəlxalq hüquq da ordunun döyüş qabiliyyəti olanda işləyir. Əks halda, Ermənistan Respublikasını Artsaxın taleyi gözləyir”. Yəni, hüququn gücü deyil, gücün hüququ praktikdir. 

  Bu tendensiyaya Rusiya politoloqları da qoşulublar. Həmişə ermənipərəstliyini gizlətməyən “Regnum” saytının sahibi Sergey Markedonov da konstitusiya dəyişikliyini ermənilərə qarşı milli xəyanət kimi dəyərləndirir və məğlub ölkə başçısı ilə irəli getməyin təhlükə olduğunu qeyd etməklə, faktiki Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına çağırış etmiş olur. İstər-istəməz sual yaranır. Tutaq ki, sabah Paşinyan hakimiyyətdən uzaqlaşdırıldı, yeni ölkə başçısı hakimiyət taxtına çıxdı, o zaman Azərbaycan dövləti öz prinsiplərindən geri çəkiləcəkmi? Anklav və qeyri anklav kəndlərini tələb  etməyəcək, Zəngəzur yolunun açılması üçün öz şərtlərindən əl çəkəcək və ya ermənilərin iddia etdiyi kimi Qarabağ ermənilərinin “beynəlxalq təminatla” yenidən Qarabağa qayıdacağına razılıq verəcək? Yoxsa, Azərbaycana ərazi iddiasının əks olunduğu Konstitusiyaya dəyişiklik etmədən, bizimlə, Türkiyə ilə normal münasibətlərin olacağını düşünürlər? Azərbaycan üçün Ermənistanda kimin hakimiyyətdə olmasının fərqi yoxdur. Biz milli maraqlarımızı fərdlərə görə müəyyənləşdirmirik. Əlbəttə, Paşinyan nə qədər tərəddüdlər keçirsə, mövqeyini tez-tez dəyişsə də, insafla demək lazımdır ki, istər konstitusiyaya dəyişikliyinin, istərsə də uydurulmuş tarix nəticəsində illyuziya təsiri bağışlayan ölkənin gerb, himn və sairə simvollarının dəyişilməsinin həm sülhə, həm də inkişafa səbəb olacağını davamlı olaraq gündəmə gətirməyi  reallığa əsaslanır. Bu mövqe isə revanşistləri, diasporanı, daşnakları, kilsəni qane etmir və Azərbaycana qarşı hələ də torpaq iddiasında qalırlar. Təəssüf ki, yalnız ermənilər deyil, Cənubi Qafqaza təsir etmək uğrunda mübarizə aparan qlobal güclər də mövcud şəraitdən öz maraqları naminə yararlanmağa çalışırlar. Ermənistandakı rusiyayönümlü və Qərbpərəst müxalif siyasi qüvvələr üz tutduqları ölkələrdən Azərbaycana təzyiq göstərmək məqsədilə davaml təxribat xarakterli görüşlər, tədbirlər keçirir, mətbuatda çıxışlar edirlər. Xarici işlər naziri Ararat Mirzoyan isə bütün görüşlərində yalnız Azərbaycanı hədəfə alan açıqlamalr verir, həmsöhbətlərinə guya Azərbaycanın sülhdən imtina etdiyi barədə şantaj xarakterli məlumatlar ötürür. 

Qarşıda hələ Ermənistan dövlətinin, cəmiyətinin tərəddüdləri davam edəcək, havadarları isə ənənəvi təzyiqlərini Azərbaycana qarşı yönəldəcək. Azərbaycan  isə indiki mərhələdə , yəni, prezident seçkilərindən sonra danışıqlar prosesinə üstünlük verərək sülh müqaviləsinin imzalanması üçün addımlarını davam etdirəcək. Hətta, Brüsseldə də görüşlərin mümkünlüyü barədə artıq rəsmi mövqe bildirilib. 

Delimitasiya komissiyasının görüşlərinin konkret nəticələrinin olacağı barədə məlumatlar yoxdur, xüsusilə anklav olmayan 4 kəndin qeyd-şərtsiz Azərbaycana qaytarılması bu prosesin ilk reallaşan və sülhə xidmət edən amili ola bilər. Qarşı tərəf unutmamalıdır ki, qeyd olunan kəndlərin problemlərinin həlli üçün Azərbaycanın hərbi güc tətbiq etməsi onun beynəlxalq legitim hüququdur.

 

 

İlham İsmayıl

Mənbə

Share: