
2020-ci ilin sentyabrında başlayan əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun Ağdərə istiqamətində əvvəlcə düşmənin Suqovuşan ətrafındakı hakim yüksəklikləri və Murov yüksəkliyini, ardınca Suqovuşan və Talış kəndlərini azad etməsi Basarkeçər-Ağdərə yolunu ələ keçirməyə, Zod-Kəlbəcər magistralını və ətraf əraziləri isə nəzarətdə saxlamağa imkan verib.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.
O qeyd edib ki, Suqovuşandan keçən Basarkeçər-Ağdərə dəhlizi Ordumuzun tam nəzarətinə keçib. Beləliklə, Ermənistanı Qarabağın dağlıq hissəsi ilə birləşdirən 3 magistral yoldan ikisi artıq istifadə üçün əhəmiyyətini tam itirib, Gorus-Laçın-Xankəndi dəhlizi isə ən yaxşı halda bir zolaqdan istifadə edə bilib. Həmin magistralların bağlanması mövcud vəziyyətdə Azərbaycan Ordusu üçün ciddi əhəmiyyətə malikdir. Birincisi, Ermənistandan ehtiyat qüvvə texnikaların həm düşmən ölkədən Qarabağa, həm də Kəlbəcərdən Ağdərəyə gətirilməsi çətinləşib. Sərt dağlıq ərazilərdə bu yolların alternativi yoxdur. Bu dəhlizlərin ikisinin bağlanması, üçüncüsünün isə vizual müşahidə ilə atəş altında saxlanılması düşmən qoşunlarının yerdəyişməsini və ya geri çəkilən qüvvələrin cəmləşərək yenidən qruplaşmasını çətinləşdirib, düşmənin manevrlərini atəş nəzarəti altında saxlamağa imkan verib. Gorus-Laçın yoluna atəş nəzarəti üçün həm cənubdakı, həm də Naxçıvandakı hissə və bölmələrimiz böyük imkanlara gətirib çıxarıb.
Hərbi ekspert xatırladıb ki, Ermənistan ordusunun 3-cü ordu korpusu ilə qondarma qurumun qanunsuz hərbi birləşmələrini də məhz bu yollar birləşdirirdi. Dərinlikdə yerləşən erməni ehtiyat qüvvələri də ard-arda itirilən ön xətdən bu yollardan istifadə etməklə təxliyə edilməli idi. Lakin yolların bağlanması erməni işğalçılarını döyüşə hazır zirehli və zirehsiz texnikasını mövqelərdə buraxaraq geri çəkilməsinə səbəb oldu.
Başlanan əks-hücum əməliyyatında əsas zərbə istiqamətlərindən biri kimi Ağdərə və Kəlbəcər rayonun seçilməsi bir neçə faktorla bağlıdır. Ordumuz 2016-cı ildə Talış kəndi ətrafında yüksəklikləri azad etməklə Ağdərə istiqamətində mövcud olan silahlıları təmizləmək üçün münbit şərait yaradıb.
Azad edilən ərazilərdə kifayət qədər çox sayda texnika və sursat qoyub geri çəkilən düşmənin bu istiqamətlərdə canlı qüvvə və texnika baxımından ciddi itkilərə məruz qalıb. Azad edilən mövqelərin mühəndis təminatı əsasən Azərbaycanın işğal edilən kəndlərindəki evlərdən və üzüm bağlarından sökülən inşaat materialları hesabına aparılıb, döyüşlərə qədər kəşfiyyatın aparılması üçün elektron vasitələrdən və teleskopik kameralardan aktiv şəkildə istifadə edilib. Düşmənin mövqeləri, komanda müşahidə məntəqəsi, qərargah və artilleriya mövqeləri və s. betondan hazırlanan elementlərlə qorunub.
“Əməliyyatlar zamanı Azərbaycan Ordusu dağ şəraitində aparılan əks-hücum əməliyyatlarının xüsusiyyətlərini nəzərə alaraq, hakim və ya strateji yüksəkliklərdə yerləşən düşmən qüvvələrinin müqavimətini PUA, artilleriya və raket zərbələri ilə zəiflətməyə, sonra bu əraziləri ələ keçirməyə, yalnız bundan sonra yaşayış məntəqələrində möhkəmlənməyə üstünlük verdiyi diqqəti cəlb edib. Bu isə düşmən tərəfin daha yüksək mövqeləri itirməsi ilə bərabər, çox sayda texnika və canlı qüvvə itkisinə məruz qalmasına səbəb olub.
Bunlar isə nəticədə düşmənin müdafiə və atəş sisteminin dağıdılmasına, strateji əraziləri itirməsinə, Ordumuzun isə birlik səviyyəsində sonrakı vəzifənin yerinə yetirilməsinə başlayıb. Bu istiqamətdə düşmən əməliyyat şəraitinə nəzarəti tamamilə itirib və mövqelərindən sürətlə geri çəkilib. Ağdərə və Kəlbəcər istiqamətlərində düşmən ehtiyatlarının döyüşə daxil edilməsi ehtimalı getdikcə azalıb, hər gün itki verən düşən mənəvi psixoloji sarsıntı içində olub. Bu isə Ordumuzun gələcək əməliyyatları zamanı düşmənin daha zəif müqavimət göstərməsinə səbəb olub”, – deyə Ə.Verdiyev vurğulayıb.
Bildirilib ki, düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatı nəticəsində bizim mövqelərimiz bir qədər də yaxşılaşdı. Ordumuzun hissə və bölmələri Fərrux, Buzdux, Qırxqız və Sarıbaba yüksəkliklərinə nəzarəti tamamilə ələ keçirməklə Qarabağ ərazindən, o cümlədən Suqovuşanla Ağdərəyə yaxın istiqamətlərdə müşahidə və nəzarət imkanlarını daha da artırmış oldular. Bu mövqe dəyişiklikləri rusların müvəqqəti nəzarətində olan ərazilərdən, o cümlədən də Ağdərə və Xankəndi istiqamətində düşmənin bütün manevrlərini izləməyə, zərurət yarandıqda isə onların qarşısını almaq üçün kifayət qədər ciddi potensial əldə etmiş oldu.
“Suqovuşanda hazırda Azərbaycan Ordusunun mövqeləri kifayət qədər möhkəmləndirilib. Ərazidə həm motoatıcı, həm artilleriya, həm də tank əleyhinə hissə və bölmələr yerləşdirilib. Eyni zamanda, hərbi infrastrukturun inşası ilə bağlı ciddi layihələr həyata keçirilib. Yeni yaradılan komando hissələrinin vəzifələrinə, eyni zamanda, Suqovuşan istiqamətindəki mövqelərimizin möhkəmləndirilməsi də daxil edilib”, – deyə hərbi ekspert sözlərinə əlavə edib.