Sürətli yemək piylənmə riskini artırır

Alimlər yavaş yeməyin piylənmə riskini azaltdığını müəyyənləşdiriblər.

Azertag.az bildirir ki, Yaponiyada şəkərli diabet xəstələrin iştirakı ilə aparılan araşdırma nəticəsində yavaş və rejimlə yeyən insanlarda bel bölgəsindəki yağlanmanın və ümumi bədən kütlə indeksinin daha az olduğu məlum olub.

Tədqiqat əsnasında Yaponiyada 2008-2013-cü illər arasında mütəmadi yoxlanışdan keçən ikinci tip 59 min 700 diabet xəstəsinə yemək vərdişləri ilə bağlı suallar verilib. İştirakçılar gündə neçə dəfə və nə qədər sürətlə yedikləri, səhər yeməyi və yatmadan əvvəl yemək yeyib-yemədikləri barədə 7 suala cavab veriblər.

Nəticələr göstərir ki, sürətli yemək piylənmə riskini artırır. Yavaş yeyən iştirakçılardan 21,5, normal sürətlə yeyənlərdən 30, sürətli yemək yeyənlərdən isə 45 faizinin piylənmədən əziyyət çəkdiyi məlum olub.

Bədən kütlə indeksinin yavaş yemək yeyənlərdə ortalama olaraq 22-dən bir az çox, normal yeyənlərdə 23,5, sürətli yeyənlərdə isə təxminən 25-ə yaxın olduğu təsbit edilib. Bel ətrafındakı yağların da yemək yemə sürəti artdıqca çoxaldığı məlum olub.

Tədqiqatın nəticələrinə əsasən, yavaş və müntəzəm yemək yeyən, səhər yeməyini qaçırmayan, gecə yatmazdan əvvəl yeməyən insanlarda şişman olma riski azalır.

Digər tərəfdən yemək yemə vərdişlərini dəyişdirən xəstələrdə də bədən kütlə indeksinin azaldığı müəyyənləşib.

Araşdırmanın nəticələri “BMJ Open” elm dərgisində yayımlanıb.

Share: