Sürətli yoluxmanın səbəbləri bəllidirsə, prosesi durdurmaq niyə imkansız olub?

MÜŞFİQ ƏLƏSGƏRLİ

 

Ay yarım öncə, mayın 16-da açıqlama yayaraq, COVID-19-a yoluxan və ya yoluxma səbəbindən həyatını itirən jurnalistlər barədə bilgi vermişdik. O zaman  dünyada  pandemiya səbəbiylə həyatlarını itirən jurnalistlərin sayı 67 nəfərdi.  Virusa yoluxub ağır durum keçirən jurnalistlərin sayı isə 300-ə yaxın idi.  Beynəlxalq təşkilatların hesabatlarına görə, jurnalistlərin yoluxma və ölüm halları  təqribən 25 ölkə ərazisini əhatə edirdi və yüksək rəqəmlə ( 9 jurnalistin ölümü ilə) Ekvador öndə idi. Siyahıda ABŞ, Britaniya, Rusiya kimi məşhur dövlətlər də yer tuturdu. Həmin vaxt vurğulamışdıq ki, Azərbaycanın adı qeyd edilən siyahıda yer almır. Yəni, Azərbaycanda görülən səriştəli profilaktik tədbirlər ölkə üzrə virusa yoluxma sayını minimuma endirdiyi kimi, jurnalist həmkarlarımızın da bu bəladan yan keçməsini təmin etmişdi. Hesabat pandemiyanın geniş yayıldığı fevral- mart-aprel-may aralığını əkas etdirməklə, 4 ayın nəticələrinə əsaslanırdı.

Qısa zaman kəsiyində – 1 ay yarım ərzində durum kəskin dəyişib. Son bir ayın neqativ göstəriciləri həmin 4 ayın nəticələrindən 2,5 dəfə çoxdur. Beynəlxalq təşkilatların hesabatlarına görə, iyun ayının sonlarına döğru dünyada COVID-19-a yoluxan jurnalistlərin sayı artıb, həyatını itirənlərin sayı 137 nəfərə çatıb. Ölüm halları daha çox 31 ölkə üzrə qeydə alınıb. Yüksək rəqəmlər Latın Amerikası ölkələrində olub-62 nəfər, Avropada 23 nəfər, Asiyada 17 nəfər, Şimali Amerika 13, Afrika 12 nəfər jurnalist həyatını itirib. Siyahıda qabarıq görünən ölkələr: Peru (15 nəfər), Braziliya (13 nəfər), Meksika (13 nəfər), Ekvador (12 nəfər), ABŞ (12 nəfər), Rusiya (8 nəfər), Pakistan (8 nəfər), Böyük Britaniya (5 nəfər), Banqladeş (4 nəfər), Boliviya (3 nəfər), Kamerun (3 nəfər),  Fransa (3 nəfər), İtaliya (3 nəfər), İspaniya (3 nəfər), Hindistandır (3 nəfər).  Dünyada COVİD-19-a yoluxub ağır durum keçirən jurnalistlərin sayı isə 1200 nəfərə yaxındır.

Ötən ayın siyahısında dəyişən bir məqam da var: hesabatlarda artıq Azərbycanın da adı görünür. İlk 4 ay müddətində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan bircə nəfər  yox idisə, bu gün  durum pisləşib. İyunun sonuna olan bilgiyə görə, Azərbaycanda 18 nəfər jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə hyatını itirib.

Ölkədə, ümumi əhalinin  yoluxma sayı da yüksəkdir, günlük göstərici 500 nəfərin üzərindədir. Bu günədək ölkədə 16.968 nəfər COVİD-19-a  yoluxub,  206 nəfər dünyasını dəyişib. Əhali sayı, müalicə imkanları nəzərə alınarsa, vəziyyət fəlakətli həddə yaxındır. Qlobal durum da ürərkaçan deyil. Dünyada yoluxma sayı 11 milyon nəfərə yaxınlaşır (10,412,345 nəfər). Ölənlərin sayı 508 min, 228 nəfərdir.

4 ayın nəticələri son 1 ayla müqayisə edilərkən, paradoksal nəticələr ortaya çıxır. Məntiqlə, pandemiyanın gündəmə gəldiyi ilk dönəmdə-fevral-mart aylarında  yoluxma sayı daha yüksək olmalı, itkilərin sayı fərqli görünməliydi. Çünki, COVİD-19 barədə təsəvvürlər zəif, mübarizə yolları barədə  fikirlər qeyri-müəyyən idi. Ötən dövr ərzində pandemiyanın törəmə səbəbləri, yoluxma mənbələri, mübarizə üsulları barədə təsəvvürlər durulub, insanlarda yoluxmadan qorunmaq barədə vərdişlər formalaşıb. Bu halda aprel ayından etibarən yoluxma azalmalı, itkilər minimum enməli, iyunda vəziyyət dəyişməliydi.  Hansıki, əksi baş verir.

Yoluxma niyə  azalmır, say  artan xətt üzrə davam edir? Mövzu ətrafında baxışlar fərqli, fikir və mülahizələr müxtəlifdir. Sıralarında  çaşdırıcı, qeyri-rasional olanlar çoxdur. Amma real həyat hekayələri ilə  arqumentləşdirilən, sübuta yetirilənlər də  var. Belələri barədə fikir birmənalı, etibarlıdır.
Beynəlxalq media təşkilatları COVİD-19-a yoluxan və həyatını itirən jurnalistlər barədə hesabatlar hazırlayarkən, maraqlı bir nüansı aşkar ediblər. Qeyd edirlər ki, pandemiya nəticəsində həyatını itirən jurnalistləri vahid bir xətt üzrə uyğunlaşdıran məqam var: onların hər biri ön xəttə çalışan, əhali ilə günlük təmasda olan, fəaliyyətini virtual-onlayn  deyil, canlı sürdürən jurnalistlərdirlər. Bu məqama əsaslanıb üzərində dururlar ki, yoluxmanın, təhlükəyə düşmənin  ilk səbəbi canlı ünsiyyət, sıx təmasdır. Pandemiya dövrünün fəaliyyət şərtləri-məsafəli davranma, canlı təmaslardan mümkün qədər yayınma, gigiyenik və qoruyucu vasitələrdən istifadə kimi tələblər gözardı edildikcə, yoluxma hlları artır, ölüm halları çoxalır. Bunu inkar edən, əksini isbatlayan yoxdur.     Hazırda yoluxma və ölüm hallarının artımı da eyni məntiqlə izah edilir.  Fevral-mart-aprel aralığı sərt karantin, sosial izolyasiya dövrü kimi tarixə düşdü. Məcburi izolyasiya, məsafəli davranış insanları qorudu, yoluxmanı azaltdı.  May ayı isə karantin rejiminin yumşaldılması, fəaliyyət üçün insanlara sərbəstlik verilməsi ilə yadda qaldı. Bununla da yoluxma artı, durum pisləşdi. Həyata keçirilən yumşalma tədbirləri digər ölkələr kimi,  Azərbaycanda da xəstələyin yayılma sürətini artırıb. Deməli, insanlarda yoluxmadan qorunma sahəsində  vərdişlər tam formalaşmayıb, izolyasiya üçün bir növ məcburi, sərt tədbirlər istənlir.

Hazırda əksər ölkələr yenidən sərt karantin rejiminin tətbiqinə başlayıblar. Ölkəmizdə 21 iyun tarixindən tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində gündəlik yoluxma hallarının sayında müəyyən qədər sabitləşmə təmin edilib. Lakin   epidemioloji vəziyyət hələ də qənaətbəxş deyil: gündəlik yeni yoluxan xəstələrin sayı sağalanların sayından artıq olur ki, bu da öz növbəsində təcili tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini  ağırlaşdırır. Tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdən istifadənin nisbətən aşağı düşməsi müşahidə edilir. Bu tədbirlər nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması gözlənilir.

Nəzərə almaq lazımdır ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bütün dünyada bu problemin qısa müddətli, asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq. Təhlillər göstərir ki, insanlar əsasən iş yerlərində, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. İş yerlərində ümumi istifadə yerlərində (mətbəx, sanitar qovşaqlar, görüş otaqları) vaxt keçirmək, qoruyucu vasitələrdən istifadə etməmək (məsələn maska taxmamaq, məsafə gözləməmək) yoluxmaya səbəb olan əsas  amillərdəndir. Xəstəliyin ilkin simptomları olan şəxslər  tibbi xidmətə müraciət etmək əvəzinə, öz adi həyat vərdişlərini  davam etdirir, bəzi hallarda özünü müalicə etməyə çalışır, bütün bu müddət ərzində həm öz vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdurmağa davam edirlər. Vətəndaşların təhlükəsizlik qaydalarını kobud şəkildə pozması, virusa yoluxmuş qohumlarını, qüonşularını ziyarət etməsi halları da müşahidə olunur. Mövcud pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə daha təsirli nəticələr əldə etmək üçün  iş yerlərində sayların azaldılması, növbəli və məsafəli iş rejiminin tətbiqi zəruridir. Hazırda mövcud olan epidemioloji vəziyyət mövcud karantin tədbirlərinin uzadılmasını tələb edir. Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Bunu təkcə öz həyatımızda tətbiq etməklə kifayətlənməməli, digərlərindən tələb etməyi də öyrənməliyik.

Müşfiq Ələsgərli

Share: