“Sürix”lə oyunlar “Lex”lə matçlardan çətin olacaq”

“Oyuna baxmayan bir adam hesabı görüb deyə bilər ki, yəqin, “Lex” çox zəifdir. Amma bu, heç də belə deyildi. Hətta ilk saniyələrdə buraxdığımız qol futbolçularımızı bir az silkələdi. Amma sonra özlərində güc tapa bildilər”. 

Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa “Lex”ini məğlub etməsi (ilk matç – 0:1, cavab oyunu -5:1) barədə danışıb:

“İlk oyundan sonra da bu komandanı keçə biləcəyimizə inanırdım. Matçın gedişatı, futbolçuların ustalıq səviyyəsi onu göstərirdi ki, biz “Lex”in müdafiəsini yara bilərik. Hesab edirəm ki, ilk matçın birinci hissəsindəki real qol imkanlarımız Bakıdakı oyundan daha çox idi. Sadəcə olaraq son nöqtəni qoymaqda çətinlik çəkirdik. Amma ikinci oyunda “Qarabağ” bunu aradan qaldıra bildi. Hər bir imkanı bilavasitə qola çevirə bildilər. Bu da bizim üçün böyük üstünlükdür. Üstəlik havanın isti olması, azarkeşlərin dəstəyi “Lex”ə mane olurdu. Lakin “Lex”in oyununu da dəyərləndirmək istəyərdim. Çox sürətli əks-hücumlar edirdilər. Elə matç başlayar-başlamaz qol da vurdular. Bundan sonra da çox təhlükəli əks-hücumlar edirdilər. Ümumilikdə, “Qarabağ”ın 5:1 hesablı qələbə qazanmasına sevinirik, amma unutmamaq lazımdır ki, “Lex” zaman-zaman bizi əks-hücumlarda yaxalaya bilirdi. Belə situasiyalar növbəti oyunlarda bizim üçün təhlükəli ola bilər”.

Aslan Kərimov bildirib ki, “Qarabağ” hazırkı heyəti ilə ÇL-in qrup mərhələsinə yüksələ bilər, lakin güclü rəqiblərlə mübarizə aparması üçün yeni futbolçular transfer etməlidir:

“Təbii ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə düşə bilər. Bu, futboldur. Hər bir şey ola bilər. Amma qrupda yaxşı nəticə göstərmək üçün komplektləşmiş futbolçulara malik olmalısan. Qrup mərhələsində “Şerif” kimi komanda ilə qarşılaşsaq, nəsə edə bilərik. Amma “Bavariya”, “Barselona”, “Real” səviyyəsində olan komandalarla oynasaq, bu heyətlə heç nə edə bilməyəcəyik. Bu, açıq aşkar görünür. Heyəti gücləndirmək baxımından gözə çarpılan şeylərdən biri də təbii ki, son nöqtəni qoyan, tipik hücumçu olmamasıdır. Düzdür, İbrahima Vadji son anadək qaçırdı, iş görürdü, amma o incəlik Vadjidə yox idi. Çempionlar Liqası kimi mötəbər bir yarışın qrup mərhələsinin matçlarında “Lex”lə oyunda yaranan qədər qol imkanları yaranmayacaq. Cüzi bir qol imkanını reallaşdırmaq məcburiyyətində olacaqsan. Ona görə də tipik hücumçuya ehtiyac var. Məsələnin ikinci tərəfi də budur ki, belə futbolçunu necə, hardan əldə etmək olar. Almaq mümkündürmü, ya mümkün deyilmi, bu məsələlərə daxil olmaq istəmirəm. Klubu bununla bağlı günahlandırmağın yeri yoxdur. Yaxşı, dəyərli futbolçuların çoxu Azərbaycana gəlmək istəmirlər. Bəzən zədəli oyunçular gəlirlər. Hərdən bu cür yaxşı futbolçuları tapmaq olur. Məsələn, Reynaldo Silva “Anderlext”də oynayanda dizində cüzi bir zədə var idi. Ona görə də “Anderlext” Reynaldonu satdı. “Qarabağ” onu transfer etdi, sonra çox yaxşı oynamağa başladı. Amma 2 il sonra yenə zədə özünü göstərdi. Belə bir futbolçu tapılsa, ola bilər ki, faydalı olsun. Amma bu da lotereya kimi bir şeydir. Qapıçı mövqeyinə də toxunmağa dəyər. Şahruddin Məhəmmədəliyev yaxşı qapıçıdır, amma daha yuxarı mərhələlərdə oynadıqca bir yaxşı qapçıya ehtiyac olacaq. Ən azı, İbrahim Şehiç kimi qolkiper lazımdır”.

Mütəxəssis Ağdam təmsilçisinin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə keçirəcəyi oyunlara da toxunub:

“Düzü, “Sürix”in oyununa hələ baxmamışam. Çünki “Lex”i adlamamış “Sürix”i izləmək düzgün olmazdı. Amma bunu qeyd edə bilərəm ki, İsveçrənin futbol səviyyəsi Polşa ilə eynidir, hətta daha yaxşıdır. İsveçrə təmsilçiləri Çempionlar Liqasının qrup mərhələsində daha çox oynayıblar. Bu baxımdan onların texniki heyəti, futbolçuları üst səviyyədədir. UEFA-nın qərargahı da İsveçrədədir. İstər-istəməz İsveçrədə maariflənmə daha yaxşı səviyyədədir. İsveçrədən yüksək liqalara transfer olunmaq daha rahatdır. Ona görə İsveçrə klublarının futbolçuları da keyfiyyətli olur. Məncə, “Sürix”lə matçlar “Lex”lə oyunlardan çətin olacaq. Amma yenə də “Sürix”in çıxışına baxandan sonra dəqiq nəsə demək mümkün olacaq”.

Nur Zeynalova

Milletinsesi.az

Share: