“Şuşa məscidində namaz qılmaq istəyirdi…”-ad günündə cənazəsi gətirilən Sübhan Cəbrayılovun anası-FOTO+ÖZƏL

“Şuşa məscidində namaz qılmaq istəyirdi…”-ad günündə cənazəsi gətirilən Sübhan Cəbrayılovun anası-FOTO+ÖZƏL

Moderator.az-ın “Vətən daşı” rubrikasında bu dəfə XTQ-in şəhid giziri Sübhan Cəbrayılovun anası Ləzifə Cəbrayılova ilə həmsöhbət olmuşuq. Bu gün Sübhanın həm də doğum günüdür. Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu şad olsun!

 

“Füzuli azad olunanda qızına zəng edib demişdi ki, səni Azıx mağarasına aparacam”

 

“3 il əvvələ qayıtmaq mənim üçün olduqca ağırdır. 3 il əvvəl bu gün Sübhan torpağa tapşırılıb. Elə ağır günlər idi ki.. Bir anlıq elə bilirdim ki, qorxulu yuxu görürəm. Bu qorxunc yuxudan oyanmaq istəyirdim.. Sən demə bu yuxu yox, mənim alın yazım imiş.. (ağlayır). Sübhanın şəhid olmağına inanmırdım. Cənazəsi evə gətirilənə qədər deyirdim ki, ona heç nə olmaz. Çünki oğlum 20 ilin hərbçisi idi. Ana üçün övlad itirmək çox ağırdır. Allah heç kimə göstərməsin” Bunu Moderator.az-a açıqlamasında “Vətən müharibəsi qəhrəmanı”, XTQ-in baş giziri Sübhan Cəbrayılovun anası Ləzifə Cəbrayılova deyib. O daha sonra Sübhanın uşaqlıq illərindən danışıb.

“Sübhan dörd övladımın sonbeşiyi idi. Uşaq yaşlarından hərbi sahəyə həvəsi var idi. Hətta uşaq olanda belə oyuncaq avtomatlarla oynayardı. Atası deyirdi ki, Sübhan hərbçi olacaq. Deyirdi ki, ata mənim üçün avtomat al, düşmənləri öldürüm. Məktəb illərində boks və güləş kimi idman növləri ilə məşğul olurdu. Sonra hərbi xidmətə yollandı. Hərbçi olmaq istəyirdi, qarşısına məqsəd qoymuşdu. Böyük qardaşı da hərbçi olmaq istəyirdi, amma C.Naxçıvanski adına hərbi məktəbə sənədlərini verdi, qəbul ola bilmədi. Sübhanın isə arzusu reallaşmışdı. Hərbi xidmətdə də Xüsusi təyinatlı qüvvələrə seçilmişdi. 2002-ci ildə XTQ-də xidmət etməyə başlamışdı. Ölkə xaricində keçirilən bir çox təlimlərdə yüksək göstəricilər əldə edirdi. Ən çətin tapşırıqları  yüksək səviyyədə yerinə yetirdiyi üçün tez-tez müxtəlif medallarla təltif olunurdu. Sübhan Aprel döyüşlərində də, Tovuz döyüşlərində də iştirak edib. Aprel döyüşlərində Cəbrayıl və Talış kəndi istiqamətlərindəki döyüşlərdə şücaət göstərib. Bu döyüşlərdə bəzi yoldaşları şəhid olmuşdu. Oğlum çox sarsılmışdı. Onun dəfələrlə hərbi sahədən getməsini istəsəm də, mənə deyirdi ki, dostlarımın, Xocalının qisasını almadan xidmətdən getməyəcəm” deyə şəhid anası bildirib.

Ləzifə ana deyir ki, Sübhan İkinci Qarabağ müharibəsi başlamazdan öncə son gününü övladlarıyla birgə keçirib.

 

“Son dəfə ailəsiylə vaxt keçirib, gününü övladlarına həsr edib, təlim adıyla evdən çıxıb. Müharibədən qətiyyən heç nə danışmırdı. Vaxt tapanda bizə zəng edib deyirdi ki, özünüzdən muğayat olun, qələbə bizimlədir. Ondan başqa bizə heç nə demirdi. Qarabağlıların ayağının dəymədiyi yerlərdə Sübhanımın ayaq izləri var. Hərbidə onu “canavar”, “Cəbi” ləqəbi ilə çağırırdılar. Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında iştirak edib. Füzulinin Qaraxanbəyli kəndində düşmənin sığındığı səngərin ələ keçirilməsində Sübhanın böyük rolu olub. Döyüş yoldaşları ilə birlikdə bir sıra əlverişli mövqeləri, yüksəklikləri azad edirlər. Füzuli azad olunanda qızına zəng edib demişdi ki, gəlib səni Azıx mağarasına aparacağam. Həmişə çətin tapşırıqlar zamanı subay silahdaşlarına deyirdi ki, siz arxadan gəlin, biz evliyik, uşaqlarımız var, sizin isə geridə qoyduğunuz heç kim yoxdur. Sübhan neçə yoldaşının şəhidliyini döyüş meydanından, odun-alovun içindən çıxarır. Mən 37 yaşına qədər oğul böyütdüm, onun bu cür qəhrəman övlad olmağından xəbərim olmadı. Çünki bizə heç nə danışmırdı. Yanında olan döyüş yoldaşları gəlib bizə onun qəhrəmanlığından danışırlar. Erməni polkovnikini öz dilində danışaraq pusquya salır, ondan döyüş mövqelərini əks etdirən xəritəni alır və daha sonra onu boğub məhv edir. Erməni dilini səlis bilirdi” deyə şəhid anası bildirib.

Ləzifə ana Sübhanın arzusundan da danışıb.

 

“Sübhanın sonuncu döyüşü 19 oktyabrda Laçın dəhlizinə nəzarəti təmin edəcək mövqelər uğrunda olur. 7 saat gərgin döyüşdən sonra snayper gülləsinə tuş gəlir balam. Sübhandan zəng gəlmədi, dedilər ki, şəhid olub. Dedim ki, yox, 23 oktyabrda doğum günüdür, o mənə mütləq zəng etməlidir. 19 oktyabrda döyüş yoldaşları ilə birgə şəhid olmuşdu, 23-də cənazələri bayrağa bükülü halda rayonumuza gətirildi. Öz şəhadətini anasına hədiyyə etdi (ağlayır). Sübhan oruc tutub, namaz qılırdı. Ən böyük arzusu Şuşa məscidində namaz qılmaq idi. Döyüş yoldaşlarına deyib ki, torpaqları azad edək, gedib ad günümdə Şuşada namaz qılacam. Şuşada namaz qılmaq oğluma qismət olmadı. Arzusu ürəyində qaldı. İnşallah qismət olarsa Şuşa məscidində onun üçün namaz qılıb, bir tort üfürərəm” deyə şəhidimizin anası bildirib.

Mənbə

Share: