Şuşa Qarabağın xilası uğrunda mübarizənin son akkordu oldu  

Qədim Şuşanın azadlığa qovuşması ilə Vətən tariximizin qəhrəmanlıq salnaməsinə daha bir parlaq səhifə yazıldı. Şuşanın fəthi Qarabağ torpaqlarının azadlığı uğrunda 30 illik ölüm-dirim mübarizəsinin son akkordu oldu. Düşmən darmadağın edilərək təslim oldu. Prezident İlham Əliyevin Zəfər Bayramının 2-ci ildönümü münasibətilə etdiyi çıxışında milli birliyimizin və həmrəyliyimizin rəmzi olan Şuşanı xalqın ürəyindən gələn belə bir cümlə ilə ifadə edildi. “…Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir Azərbaycanlı üçün müqəddəs yerdir”. Azərbaycan xalqı 28 il ərzində Qarabağ və Şuşa itkisi ilə barışmadı, hansı yolla olursa olsun onu azad etmək qətiyyətindən dönmədi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Şuşanın alınması ilə başa çatdı. Prezident bu möhtəşəm Zəfəri belə dəyərləndirdi. “…Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin həcm etibarilə yığcam, məzmun baxımından kifayət qədər zəngin olan nitqində müzəffər Azərbaycan Ordusuna minnətdarlıq və təşəkkür sözləri ilə yanaşı, birbaşa Ermənistan cəmiyyətinə müraciət, Ermənistanın havadarlarına isə xəbərdarlıq ifadə edildi. Cənubi Qafqazda sabitliyin pozulmasına cəhd göstərən üçüncü qüvvələrə verilən mesajlar isə kifayət qədər qətiyyətli və sərt idi. Bu gün Azərbaycan sərt ritorika ilə çıxış edir və buna onun haqqı çatır. Otuz il ərzində münaqişəni həll etmək əvəzinə onu dondurmağa və uzun müddətə həll edilmədən saxlanılmasına ümid edən beynəlxalq təşkilatlar və maraqlı dövlətlər bilməlidir ki, Azərbaycanın taleyi ilə bağlı onların qəbul etdiyi qərarlar xalqımız üçün doğma ola bilməz. “Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil” bəyanatını səsləndirən qüvvələr 2 il əvvəl Azərbaycan dövlətinin atdığı qətiyyətli addımlar qarşısında geri çəkilməyə məcbur oldular. Qarabağ Zəfəri Azərbaycanın təkcə Ermənistan üzərində qələbəsi olmadı, həm də Ermənistan havadarlarının beynəlxalq siyasət meydanında məğlubiyyəti oldu. Xalqımız heç zaman işğala boyun əyə bilməzdi. Dövlətimiz istənilən vəziyyətdə öz xalqının maraqlarını müdafiə etməyə və lazım gəldikdə isə döyüş meydanında öz milli maraqlarını qorumağa və təmin etməyə qadir olduğunu bütün dünyaya göstərdi.

“Zəfər günündə Prezident İlham Əliyevin Ermənistanın havadarlarına ünvanladığı mesajlar isə olduqca açıq və olduqca qətiyyətli oldu. Sərhədlərimiz yaxınlığında hərbi təlimlər keçirən İran rejimi, cidd-cəhdlə özünü danışıqlar prosesinə sırımaqla Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına mane olmağa çalışan Fransa rəhbərliyi, hələ də Cənubi Qafqaz bölgəsini öz təsir dairəsində saxlamağa çalışan Rusiya neo-imperializmi özlərinin Cənubi Qafqaz siyasətində Azərbaycanın bu qətiyyətini nəzərə almalıdırlar. Prezident İlham Əliyevin erməni xalqına ünvanlandığı mesaj isə bölgəmizdə sülhün və sabitliyin təmin edilməsinə çağırış idi. Prezident ermənilərə son 30 ildə baş verən hadisələrdən, xüsusilə postmüharibə dövründə baş vermiş “Fərrux” və “Qisas” əməliyyatlarından, eləcə də sentyabrın 13-14-dəki sərhəd toqquşmalarından ciddi nəticələr çıxarmağı tövsiyə etdi. Qonşu ölkələrin torpaqlarına göz tikən Ermənistan son 30 il ərzində dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi istiqamətində heç bir uğur qazana bilmədi. Otuz il ərzində Ermənistana rəhbərlik etmiş bütün siyasi qüvvələr məhz xarici güclər vasitəsilə hakimiyyətə yiyələnmiş cinayətkarlar oldu. Ölkə iqtisadi, sosial, mədəni və humanitar inkişaf sahələrində iflasa uğradı. Təcavüzkar siyasəti nəticəsində kvazi-dövlətə çevrilmiş Ermənistan öz milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirmək və öz vətəndaşları üçün ləyaqətli həyat şəraiti təmin etmək əvəzinə, bu gün də bölgədənkənar güc mərkəzlərinin geosiyasi oyunlarında alət rolunda çıxış etməkdə davam edir. Belə bir riyakar siyasət Ermənistan dövlətini dünyanın siyasi xəritəsindən silinmək təhlükəsinə yaxınlaşdırır”, – deyə C.Feyziyev qeyd edib.

Deputat diqqətə çatdırıb ki, bölgənin güc mərkəzi və söz sahibi rolunda çıxış edən Azərbaycan kənar qüvvələrin Cənubi Qafqaz regionuna müdaxiləsini qəbul etmir və heç zaman hadisələrin bu istiqamətdə inkişafına yol verməyəcək. 44 günlük Vətən müharibəsində şanlı Qələbəmiz Azərbaycanın bölgədə şəriksiz liderlik missiyasını bir daha təsdiq etdi. Azərbaycan xalqının mətinliyi və dönməzliyi, azadlıq ruhunun sarsılmazlığı və tarixin bütün sınaqlarından alnı açıq çıxmış Azərbaycan–Türkiyə qardaşlığı və müttəfiqliyi, bütün Türk dünyasının mənəvi birliyi Azərbaycanın Cənubi Qafqaz bölgəsində güc mərkəzi və söz sahibi olduğunu şərtləndirən əsas amillərdir. Qlobal siyasi rəqabət meydanında Azərbaycanla üz-üzə gəlmək istəyən istənilən qüvvə bu amillərlə hesablaşmalıdır.

 

Share: