Şuşadan “mən sözümə əməl edirəm” mesajı və əfv olunmaq üçün daralan fürsət

 

Prezident İlham Əliyevin Şuşada keçirilən Qlobal Media Forumunun açılış mərasimindəki möhtəşəm çıxışından, mətbuat nümayəndələrinin suallarını cavablandırmasından əvvəlki günlərdə yazmışdıq. Ancaq məlum oldu ki, dövlətimizin başçısı iyulun 22-də “Euronews” televiziyasına müsahibəsində də çox önəmli məsələlərdən bəhs edib, olduqca vacib, əhəmiyyətli mesajları dilə gətirib.

Milletinsesi.az-a görə, müsahibənin detallarına diqqət etməzdən əvvəl elə müsahibə məkanının seçildiyi ünvanın fotosuna ani nəzər salmaq qürurlanmaq üçün kifayət edir. Məkan Şuşadır! Bizim qürurumuz, canımızın bir parçası, ürəyimiz, Azərbaycanın “olmazsa, olmazı”.

94ed23264fffb4caf746478f50b1302d.jpg (427 KB)

Prezidentin 44 günlük Vətən Müharibəsində xarici media nümayəndələrinə müsahibələrini xatırladım, o zaman onlarla media təmsilçisinə – onların bir çoxu xüsusi təlimatlandırılaraq göndərilmişdi, yaxud da onlayn müsahibə üçün müraciət etmişdi – Azərbaycan həqiqətlərinin onların öz dilində çatdırılması həm də döyüş meydanındakı qələbəmizdə çox əhəmiyyətli rol oynadı. Təbliğat savaşında düşmən uduzdu məhz bu müsahibələrdə vurulan nöqtəli zərbələrin ardınca. Bu dəfə isə dünyanın ən məşhur telekanalına Şuşada müsahibə verdi. Həm də erməni vandallarının darmadağın etdiyi tarixi binaların fonunda. Müsahibəni dinləməyən şəxs belə, bu fotoya baxıb nəticə çıxara, qənaətə gələ bilər, təbii ki, obyektiv olarsa… Prezidentin “Euronews” televiziyasının əməkdaşına müsahibə fotosu bütün dünyaya “baxın, sizin müdafiə etdikləriniz Azərbaycanın tarixi şəhərini, həm də dünya mədəniyyətinin mühüm bir parçasını görün nə kökə qoyub, vaxtilə “Azərbaycanın Parisi” adlandırılan qala şəhərin, musiqi beşiyinin binalarından, korifeylər yetirmiş şəhərin göz oxşayan unikal tikililərindən belə, qisas alıb!” – mesajını vermiş oldu. Şuşanı çilik-çilik edən düşmən yaşı 3 əsrə çatan şəhərdə 30 il ərzində cəmi 3 villa tikib, onu da canilər üçün!

Hələ də Şuşaya getməkdən boyun qaçıran səfirlər var. Təbii ki, onlar konkret təlimatlar əsasında addım atırlar. Onlar da baxsın bu fotolara və düşünsünlər: erməni lobbisinin şantajından çəkinib, Azərbaycanın 28 il yarımlıq işğal altında saxlanmış şəhərinin qalıqlarını (!!!) görməyə niyə getmədikləri ilə bağlı özlərinə sual versinlər. Həm də vicdanlarının səsinə qulaq assınlar, əgər varsa… Azərbaycan dövləti Şuşanı yenidən qurur, Ermənistanın dağıtdığı unikal şəhəri. Dağıdan təkcə Ermənistanmı oldu? Təbii ki, yox, işğal onilliklərində Qarabağın yolunu “su yolu”na döndərənlər, həmin həmsədrlər, avropalı, amerikalı deputatlar, senatorlar, konqresmenlər, erməni pulu ilə boğmalananlar, Azərbaycana təzyiq etməkdən ötrü işğalı stimullaşdıranlar, ən müxtəlif adlar altında qondarma rejimə maliyyə yardımı göstərənlər, Ermənistanı silahlandıranlar… Hamısının “rol”u oldu Şuşanın ilmə-ilmə sökülməsində. Amma Şuşanı tam yox edə, həm də Azərbaycandan qopara bilmədilər, arzuları gözlərində, qursaqlarında qaldı!

1690957453_bd767f34875b0bd840978.jpg (587 KB)

Budur, “Euronews” əməkdaşı Şuşa Fatehinin qarşısında oturub: “Cənab Prezident Əliyev, bizi burada qəbul etdiyinizə görə Sizə çox minnətdarıq. Bu bölgə Cənubi Qafqazın yeni tarixində bəzi ən zorakı epizodların cərəyan etdiyi səhnə olub”-deyir və suallarını ünvanlayıb. Bu nəticənin əldə olunması təbii ki, asan olmadı, aparılan siyasətin qazandırdırğı tarixi uğurdur. Heç şübhəsiz, dünya ilə birbaşa kommunikasiyanın da mühüm rolu oldu Şuşa ilə möhür vurulan haqq savaşımızda. Azərbaycana qarşı geniş təbliğatın aparıldığı bir vaxtda Prezident həmişəki kimi birbaşa kommunikasiyaya gedərək bütün məsələlər üzrə mövqeyini ortaya qoydu, “Qarabağ sizinçün niyə bu qədər əhəmiyyətlidir” kimi təkcə yersiz yox, həm də qərəzli, işğalçılığı, terrorçuluğu özündə ehtiva edən suallara tutarlı cavablarını unutmamışıq. Təsəvvür edin, ağır döyüşlər gedir, şəhidlər, yaralılar, azad edilən şəhər, kəndlər.. Üstəlik, xaricdən zənglər, ayrı-ayrı paytaxtlardan təzyiqlər…Belə bir gərgin durumda Ali Baş Komandan həm də təbliğat müharibəsində sözü ilə döyüşür! Amma reallıq budur ki, nə döyüş meydanında savaş bitib, nə də diplomatik, təbliğat sahəsində…Odur ki, Prezident təsadüfən yüzdən artıq xarici jurnalistin qarşısına çıxmadı Şuşa Forumunda! Hər fürsətdə Azərbaycan həqiqətlərini çatdırmaq imkanlarından yararlanmağın gərəkliliyini hər kəsə təlqin edən dövlət başçısı qələbənin qazanılmasından çox, onun saxlanılmasının çətin və önəmli olduğu mesajını da vermiş olur. Bu, həm də cəmiyyətimiz üçün, tutduğu vəzifəsindən, daşıdığı səlahiyyətindən asılı olmayaraq, hər bir vətəndaşa ünvanlanan vacib tövsiyədir.

Prezidentin bir sıra istiqamətlər üzrə vacib mesajlarının olduğunu yuxarıda da qeyd etdik. Ölkə rəhbəri xüsusilə də sərhədlərin gələcək parametrləri ilə bağlı məsələdən bəhs edib və “Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmamışdır”-deyib. Bu, həm də Ermənistana xəbərdarlıqdır ki, tələs, əks halda mövcudluğun sual altına düşə bilər! Eyni zamanda kommunikasiyalarla bağlı İrəvanın üzərinə götürdüyü öhdəlikləri icra etməməsi diplomatik dildə xatırladılıb. Sitat: “İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim eksklavımız olan Naxçıvana çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Beləliklə, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik”.

Bu, faktiki olaraq Ermənistan üçün həm yol, həm də xilas xəritəsidir. Ancaq Laçın yolu istiqamətinə düzdüyü TIR-ların sayını gündən-günə artırmaqla Ermənistan “yolsuzluq yolu”nu tutduğunu və xilas olmaq istəmədiyini sərgiləyir. Bu ölkədə elementar məsələləri sərf-nəzər edə bilmirlər. Məsələn, gec-tez qanunsuz yük daşıyan Ermənistan TIR-ları geri qayıtmalı olacaq, amma necə? Darısqal yolla dönmək imkanları belə mövcud deyil. Ermənistanın siyasəti bax, elə “TIR siyasəti” kimidir, geri dönüş imkanını belə saxlamır özünə…

Prezident müsahibədə Avropa İttifaqı ilə bağlı müsbət fikirlər söyləyib. Xatırladıb ki, 1992-ci ildən etibarən – hələ işğal dövründə aparılan danışıqlar zamanı Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmayıb. Sitat: “İndi bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük. Sonuncu dəfə görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”.

tir.jpg (56 KB)

Bu fikirlər həm də Ermənistandan Laçın yoluna binoklla baxan, “TIR şousu”nda iştirak edən Avropa İttifaqının “mülki missiyası”nın islahı üçün olduqca önəmlidir. Bəli, Prezident bu müsahibəni verəndə hələ Aİ təmsilçilərinin də rol aldığı şou başlamamışdı. Amma müsahibəni təkrar-təkrar dinləsinlər, zərərli vərdişlərin aludəçisi olmaqdan vaz keçsinlər. Çünki erməniçilik çox ağır mərəzdir, ona yoluxanlar çətin sağalır… Azərbaycan Prezidentinin etimadını qazanan Aİ təşəbbüsünə xələl gətirməkdə davam edəcəklərsə, sonda onlar da “pensiyaya göndərilmiş” Minsk Qrupunun taleyini yaşaya bilərlər!

Dövlət başçısının Laçın sərhəd qapısı ilə bağlı prinsipial mövqeyi artıq bu məsələdə güzəştin olmayacağı deməkdir. Məsələ bitib! Qapımızın açarı özümüzdədir, sərhədçimizdə! Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə bağlı demoqogiyanın da cavabı verildi. “Əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu”. Başa düşən üçün yetərli faktlardır…

Müsahibədə ən vacib məqamlardan biri məncə, elə ermənilər üçün xilas təklifidir. Bu hissəni nəzərdə tuturam: “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”.

Kifayət qədər açıq mətnlə, ən yüksək səviyyədə təklif olunan xilas yoludur! Qarabağdakı ermənilər anlamalıdırlar ki, onların düşdüyü başqa yol xilasa aparmayacaq, ən uzağı Vaqif Xaçaturyan və Rəşid Beqleryan kimi qandallanacaqlar, əgər sarsaq iddialardan əl götürməsələr! Bundan əvvəl Laçından xitab olunmuşdu, amnistiyanın şərtləri də açıqlanmışdı. Bu dəfə daha geniş auditoriya üçün mesajlar verildi. Fürsət daralır, dəyərləndirsinlər aşağıda, Xankəndidə olanlar!

Ermənilər unutmasınlar, Azərbaycan Prezidenti sözünə əməl edir: elə müsahibə məkanı Şuşa ilə bağlı da sözünü hələ savaşın ilk həftəsində, elə Türkiyə telekanalına müsahibəsində demişdi. Dediyini etdi: işlər yarımçıq qalmadı. Xankəndidəki ermənilər təkrar-təkrar dinləsinlər və qərar versinlər. Artıq Vaqif Xaçaturyan da Azərbaycan dövlətinə təşəkkür etməklə ifadəsinə başladı. Günün birində Azərbaycan vətəndaşlığını qəbul etdiyi barədə ifadəsini, Meşəli soyqırımına görə Azərbaycandan əfv dilədiyini də eşidəcəyik…

1690957456_e958e48bfe3b47e405816.jpg (747 KB)

Və sonda… Kadrlara baxırıq: müsahibədən sonra Prezident İlham Əliyev “Euronews”un müxbirinə işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəlləri barədə məlumat verib. Ermənistanın gerçək mahiyyətini ifadə edən heykəllər. İşğalçı ölkə bu heykəlləri “domna peç”lərində əritmək istəmişdi…

Elşad PAŞASOY, Musavat.com

Mənbə

Share: