“Şuşaya üç istiqamətdən daxil olduq”

Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edən, hazırda birlik komandiri olan general-mayor Kənan Seyidov “Poliqon” jurnalına Şuşa şəhərinin stratej əhəmiyyətindən və Şuşa əməliyyatının təfərrüatlarından danışıb.

 

Modern.az-ın məlumatına görə, general-mayor K.Seyidov bildirib ki, Şuşa strateji cəhətdən ən əlverişli ərazidə yerləşmiş şəhərimiz və Qarabağın baş tacıdır. Önun sözlərinə görə, Şuşanın azad edilməsi Azərbaycan Ordusunun bir nömrəli vəzifəsi olub.

 

“30 illik vətən, torpaq həsrəti və düşmənə olan nifrət hissi Azərbaycan əsgərini döyüşlərdə daha da ruhlandırırdı. Buna görə də, hətta müharibənin ilk saatlarında əminliklə deyə bilərdik ki, biz bu savaşda qələbə qazanacağıq, müzəffər olacağıq və nəticədə onu da bacardıq”, – deyə birlik komandiri vurğulayıb.

 

General-mayor K.Seyidov Şuşa əməliyyatının detallarını açıqlayıb: “Şuşaya daxil olmamışdan əvvəl, birinci növbədə gördüyünüz bu Topxana meşəsi və əlimlə göstərdiyim istiqamətdəki yüksəkliklər və ətraf yüksəklilər ələ keçirilmişdi. Bundan sonra, əlimlə göstərdiyim istiqamətdə qruplarla Laçın dəhlizini, Laçın-Şuşa yolunu keçərək Şuşa şəhərinə üç əsas istiqamətdən – Qala qapıları istiqaməti, Xankəndinin Üç yolu istiqaməti və mərkəz hissəsindən Şuşaya daxil olduq. İlk Şuşaya girən qruplar bizim Şuşada olan türmə – Şuşa türməsi istiqamətindən girməyə nail oldular. Noyabrın ayın 5-də gecə saatlarında biz artıq Şuşaya girmişdik. Şuşa şəhəri düşməndən tam təmizləndikdən sonra, noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırıldı”.

 

Birlik komandiri K.Seyidov 21-ci əsrin müharibə standartını yaradan bir ölkə kimi Azərbaycanın əldə etdiyi tarixi zəfəri təmin edən ən müasir silahların tətbiqindən də söz açıb.

 

“44 günlük Vətən müharibəsi 21-ci əsrin ən müasir müharibəsi idi. Bu müharibədə qazanılan təcrübədən, bizim döyüş təcrübəmizdən bizdən sonra olan müharibələrdə istifadə olundu. Amma ilk yeniliyi Vətən müharibəsində Azərbaycan Ordusu nümayiş etdirdi.

 

Xüsusilə qeyd etmək istəyirəm ki, Vətən müharibəsinin hərbi baxımından qısa müddətdə, 44 gün ərzində şanlı qələbə ilə başa çatmasında Raket və Artilleriya Qoşunlarının arsenalında olan yüksək dəqiqlikli silahlar və eyni zamanda havadan olan “Harop”, “Bayraktar” və digər pilotsuz uçuş aparatlarının tətbiqi və ən əsası da Azərbaycan əsgərinin döyüş ruhu və hazırlığı mühüm rol oynadı”, – deyə general-mayor K.Seyidov vurğulayıb.

 

K.Seyidov onu da qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun müasir silah və texnikalarla daha da gücləndirilməsi istiqamətində çox böyük işlər görülüb: “Ordunun silahlanması ilə bağlı cənab Ali Baş Komandanın diqqət və qayğısı ilə dünyadakı ən müasir silahlar hal-hazırda Azərbaycan Ordusunun arsenalına daxil olmaqdadır”.

Mənbə

Share: