Szinpin-Əliyev görüşündə mühüm məqam

Szinpin-Əliyev görüşündə mühüm məqam

Çin Xalq Respublikasının sədri Si Szinpin ölkəsində keçirilən beynəlxalq tədbirə dəvət edilən hər ölkə başçısı ilə ayrıca olaraq görüş keçirmir. Bu, Azərbaycana olan xüsusi diqqətin və Azərbaycanın beynəlxalq aləmdə artan çəkisinin göstəricisidir.

Bu sözləri Milletinsesi.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Çin liderinin İlham Əliyevi ölkəsinin və xalqının dostu adlandırması çox mühüm məsələdir:

“Bu, çox yüksək qiymətdir. İlham Əliyev də söylədi ki, xalqımız Çin dövlət başçısına etimad göstərir və onu Azərbaycanın dostu hesab edir. Gördüyünüz kimi, iki ölkə rəhbərləri arasında çox səmimi münasibətlər mövcuddur. Çin Xalq Respublikasının rəhbərinin də Azərbaycana səfəri artıq razılaşdırılıb. İki dövlət arasında münasibətlər yüksək inkişaf tempinə malikdir və siyasi ideologiya yüksək səviyyədədir. 2015-ci ildə Azərbaycan Prezidentinin Çinə səfəri və orada imzalanmış sənədlər də bu dediklərimi bir daha təsdiqləyir. Bununla yanaşı, iki ölkə arasında ticarət, iqtisadi münasibətlərin dəyərinin 2 milyard dolları ötməsi perspektivləri də bu gün müzakirə olunan məsələlər sırasındadır. Xüsusilə də turizm sahəsində əlaqələrimizin inkişafı və Çinin Azərbaycan iqtisadiyyatına cəlb olunması əsas müzakirə predmetidir”.

Millət vəkili onu da bildirib ki, Azərbaycanla Çin arasında münasibətlərin daha da yaxşılaşmasına səbəb Böyük İpək Yolu layihəsidir:

“Bizi bir-birimizə bağlayan səbəblərdən biri də odur ki, Azərbaycan da Çin kimi İpək Yolunun üstündə olan dövlətdir. Çinin “Bir kəmər, bir yol” kimi meqalayihəsində Azərbaycan iştirak edir. Bu istiqamətdə hər iki dövlət arasında çox mühüm addımlar atılmaqdadır. Xüsusilə də Bakı-Tiflis-Qars dəmiryolu bu layihədə mühüm yer tutur. Çindən gələn məhsulların Avropa bazarlarına çıxarılması və ya əksinə yönəldilməsi istiqamətində Azərbaycanın oynadığı rol təbii ki, diqqətdən yayınmır və Çində də yüksək qiymətləndirilir.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin həm Çin lideri Si Szinpinlə, həm Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvləriylə görüşü və tədbir çərçivəsində keçirilən görüşlərdən o qənaətə gəlmək olar ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmlənməkdədir. Azərbaycana dünyada artıq etibarlı tərəfdaş kimi yanaşırlar. Bütün bunlar da İlham Əliyevin yeritdiyi uğurlu daxili, xarici siyasətin məntiqi nəticəsidir”.

Share: