Ötən gün Türkiyədə 15 nəfərdə koronavirusun “Britaniya ştammı” adlandırılan təhlükəli növü aşkarlanıb.
Hazırda Azərbaycanla İngiltərə arasında birbaşa təyyarə reysləri olmasa da, koronavirusun yeni mutasiyasının aşkarlandığı qardaş Türkiyə ilə ölkəmiz arasında müntəzəm təyyarə reysləri həyata keçirilir. Bu baxımdan, “Britaniya ştammı”nın Türkiyə vasitəsilə Azərbaycana çatması da mümkün ola bilər.
Milletinsesi.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev Türkiyədən təyyarə ilə ölkəmizə gələn bütün insanlara ciddi şəkildə nəzarət olunmasının vacibliyini vurğulayıb.
“Artıq təsdiq edilib ki, bu ştammın yoluxuculuğu əvvəlkindən çox olsa da, öldürücülüyü digərindən çox deyil. Lakin buna baxmayaraq təyyarə reysləri ilə ölkəmizə gələn bütün insanların test neqativ arayışı ilə ölkəyə buraxılmasına ciddi nəzarət edilməsi daha məqsədəuyğundur”, – həkim-radioloq bildirib.
Aydın Əliyev həmçinin qeyd edib ki, “Britaniya ştammı” təhlükəli hesab edilsə də, hazırda istifadəyə verilən peyvəndlərdən biri bu ştamma qarşı immunitet yarada bilir:
“Ümumdünya Səhiyyə Təşkilatı “Pfizer” peyvəndini təsdiq etdi və bir neçə gün öncə açıqlandı ki, bu peyvənd yeni ştamma qarşı da immunitet yaradır. Ötən bir il ərzində biz artıq COVİD-19 xəstəliyini kifayət qədər tanıyırıq və yanaşı ağır xəstəliyi olmayan şəxslərdə təqribi müalicə sxemi bəllidir. Bu baxımdan, aptekləri müvafiq dərman preparatları ilə təmin etsək, artıq sərt karantin rejimini kifayət qədər yumşalda bilərik”.