Təhsil işçilərinin konfransı keçirilir

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir.

Milletinsesi.az xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV əməkdaşları iştirak edir.

Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər.

Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra BŞTİ-nin 2021-2022-ci tədris ilindəki fəaliyyətindən bəhs edən “Yeni dövr, yeni çağırışlar” adlı videoçarx nümayiş olunub.

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan İdarə müdiri postpandemiya dövründə qarşıda duran vəzifələrin icrası ilə əlamətdar olan yeni dövrdən irəli gələn yeni çağırışlarla yadda qalan 2021-2022-ci tədris ilində Bakı Şəhər üzrə Təhsil İdarəsinin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında ətraflı məlumat verib, islahatların tətbiqi vəziyyətindən danışıb, növbəti tədris ili üçün təhsil işçiləri qarşısında duran əsas hədəfləri nəzərə çatdırıb.

M.Vəliyeva “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”sinə istinad edərək müəyyənləşdirilmiş 4 strateji məqsəd və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.

İdarə müdiri yeni dərs ilində ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiq olunması, təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə mövqeyin yaxşılaşdırılması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması və digər istiqamətlərdə tədbirlərin həyata keçirilməsi işində təhsil işçilərinə uğurlar arzulayıb.

Mənbə

Share: