
Noyabrın 1-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib.
“İnnovasiya ekosisteminin yaradılması”, “Universitet – sənaye tərəfdaşlığı”, “Gələcək üçün təhsil” panellərindən ibarət olan forumda peşəkar moderator və spikerlər iştirak edib. Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunub.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, özəl sektor əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Emin Əmrullayev təhsil sisteminin nailiyyətlərindən söz açıb. Nazir bildirib ki, təhsil olmadan innovasiya mümkün deyil. Təhsil sisteminin nailiyyətləri isə uzunmüddətli vaxtda innovasiyanın inkişafına təkan verir.
Ümumiyyətlə, forum necə keçdi? Belə forumlar nə üçün lazımlıdır və təhsilimizə nə qatacaq?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bu cür forumların keçirilməsinin xüsusi önəm və əhəmiyyət kəsb etdiyini bildirib. Forumda şəxsən iştirak edən deputat belə tədbirlərin ölkədə təhsilin inkişafına töhfə verə biləcəyini vurğulayıb.
“Lakin düşünürəm ki, belə forumlarda təhsildəki problemləri də müzakirə etməliyik. Bu cür forumların ana xəttini, yönünü təşkil edən istiqamətlərdən biri də təhsildəki problemlərin öyrənilməsi, təhlili və müvafiq addımların atılıb,qərarların qəbul olunmasıdır. Bütün hallarda bu forumun xüsusi əhəmiyyət daşıdığını düşünürəm”.
Deputat vurğulayıb ki, forumu ilkin olaraq qənaətbəxş hesab etmək olar:
“Belə forumlar xüsusi əhəmiyyətə malikdir. Daha çox burada problemlərin müzakirəsi olmalıydı. Daha çox təhsildə innovasiyalara önəm verilməliydi. Düşünürəm ki, ilkin olaraq forum qənaətbəxş hesab oluna bilər. Amma forum daha yaxşı, yüksək şəkildə təşkil oluna bilərdi. Forum bizə daha geniş imkanlar yarada bilərdi ki, məqsədimizə və hədəfimizə çataq. Hesab edirəm ki, belə forumlar daha çox keçirilməlidir. Təhsilimizin bu günü, gələcəyi, problemi və çətinlikləri ilə bağlı da müzakirələrin aparılmasına ehtiyac var”.
Təhsil üzrə ekspert Kamran Əsədov Təhsilin İnkişafı Forumunun Azərbaycanda bir ilk olduğunu deyib:
“Hazırda Azərbaycanda 50 ali təhsil müəssisəsi var. Bu 50 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Ən ciddi problemlərdən biri ali təhsil müəssisələri ilə sənaye, iqtisadiyyat arasında əlaqə qurmaqdır. Yəni dövlət və özəl tərəfdaşlıq vacib məsələlərdəndir. Bu il Azərbaycanda Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyidir və buna görə bir sıra silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Təhsilin İnkişafı Forumu oldu. Təhsilin İnkişafı Forumu Azərbaycanda ilk dəfə idi ki, keçirilirdi. İlk dəfə əmək bazarına, yəni sənayeyə, istehsalata mütəxəssis buraxan universitetlərlə, əmək bazarı qarşı qarşıya gəldi. Qarşı tərəf nə istədiyini deyirdi. Həqiqətən də, “bu istiqamətdə ali təhsil müəssisələri kadr yetişdirə bilərmi” müzakirələri aparıldı. Çox maraqlı bir forum idi”.
Ekspert aparılan müzakirələrdən də danışıb. Onun sözlərinə görə, forumda Türkiyədən və digər ölkələrdən nümayəndələrin olması, öz təcrübələrini bölüşməsi, fikir mübadiləsi aparması, panellərdə suallara cavab verməsi yaxşı bir haldır.
“Azərbaycanda innovasiya ekosistemin yaradılması ən vacib məqamlardandır. 30 ildən sonra Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edib. Burada universitetlər yaradılacaq. Bu zaman Bakıda və digər bölgələrdə universitetlər yaradılarkən buraxılan boşluq və səhvlər təkrarlanmamalıdır. Artıq dünyada inkişaf etmiş modellər var. Məsələn qardaş Türkiyənin TED universitetinin, eləcə də digər ölkələrin modelləri var. Forum çox aktual məsələlər üzərində qurulmuşdu. Digər bir məsələ ali təhsil müəssisələrinin texnoparklarının yaradılmasıyla bağlıydı. Bu, mənim üçün ən vacib məsələlərdən biriydi.Çünki pandemiyadan sonra gördük ki, alternativ təhsil almaq mümkündür. Təhsil ancaq ənənəvi auditoriya və siniflərdə təşkil oluna bilməz. Alternativ təhsil alma formaları var. Dünya artıq süni intellektə keçid edib. Biz artıq ali təhsil müəssisələrində bundan geniş istifadə etməliyik. Xüsusilə “Coursera” şirkəti ilə bağlı müzakirələr mənim üçün çox maraqlı oldu. Çünki birmənalı şəkildə pandemiyadan sonra ABŞ-ın Kursea şirkəti ciddi şəkildə öz məhsullarının istehsalına başlayıb. Burada kifayət qədər vacib nailliyyətlər əldə olunub. Forumda ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt məsələləri vacib müzakirə predmetləri idi. Bakı Dövlət Universitetinin rektoru hörmətli Elçin Babayevin xüsusən əmək bazarı, sənaye və universitetlərin reytinqi ilə bağlı məsələlərə toxunması tələbələrin əmək bazarında uğuru ilə bağlı məsələləri qeyd etməsi vacib məsələydi”.
Kamran Əsədov belə forumların niyə lazımlı olduğundan da bəhs edib:
“Belə forumlar ali təhsil müəssisələrinin əmək bazarının necə mütəxəssisələrə ehtiyacı olduğunu bilməyə ehtiyac verəcək. İşəgötürənlər universitetlərin potensialından xəbərdar olacaq. Biz bilirik ki, bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizi öz ixtisasları üzrə çalışır. Ona görə də bilmirlər ki, kim harda nə hazırlayır. Amma bu forumlar imkan verəcək ki, həmin universitetlərin nə hazırladığını və necə hazırlamalı olduğunu bilavasitə müəyyənləşdirib,tapsınlar. Aktual forumdur. Mən inanıram ki, ən azından ildə bir dəfə əmək bazarı, təhsil və sənaye tərəfdaşlığı müzakirə ediləcək. Beləliklə də, sənayenin təhsildən, təhsilin sənayedən istək və gözləntiləri baxımdan forum ciddi rol almış olacaq. Biz bu gün əmək bazarına məzunlarımızı buraxırıq. Ancaq “siz bizim məzunları istəyirsinizmi?” “siz bizdən necə məzun istəyirsiniz?” kimi sualları vermirik. Bu məsələlər həll olunarsa, Azərbaycan universitetləri çox sürətlə dünya reytinqində irəliləyə bilər. Bu tipli görüşlər Azərbaycan universitetlərinin beynəlxalq reytinqinə də öz müsbət təsirini göstərəcək”.