Tam suveren Azərbaycanın möhtəşəm ZƏFƏR GÜNÜ

8 gün sonra Qarabağ müharibəsində qazanılan zəfərin 3-cü ilini qeyd edəcəyik. Ancaq bu dəfə Zəfər Günü tamamilə fərqli olacaq. Belə ki, bu, 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirlərindən sonra qeyd ediləcək ilk Zəfər Günüdür.

 

Əməliyyat nəticəsində Azərbaycan ordusu Qarabağ müharibəsində yarımçıq qalan işini tamamlayıb və Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran və digər yaşayış məntəqələri Azərbayacanın nəzarətinə keçib. Beləliklə, ilk dəfə tam suveren Azərbayanda Zəfər Günü qeyd ediləcək.

 

Qeyd edək ki, 8 noyabr Prezidentin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir. 

 

Modern.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, hər il Azərbaycan üçün uğur ili olaraq keçir:

 

“Böyük hazırlıq, xalqın birliyi, Ali Baş Komandanın düzgün seçimi torpaqlarımızın əhəmiyyətli hissəsinin işğaldan azad edilməsinə səbəb olduUlu öndər tərəfindən Azərbaycanın dövlətçilik yolu düzgün seçilib. Cənab Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin seçdiyi yol uğurla davam etdirilib. Məhz bu səbəbdən Azərbaycanın hər ili uğur ilinə çevrilir”.

A.Mirzəzadə vurğulayıb ki, aparılan düzgün daxili, xarici siyasət və birgünlük aparılan antiterror tədbirləri separaçı rejimin süqutuna səbəb oldu:

 

“Bunun kökündə xalq lider birliyi, dövlətçiliyin imkanlarından düzgün istifadə və həqiqətə, tarixi ədalətə söykənməyimizdir. Budəfəki bayram şənlikləri həm də Xankəndidə, Ağdərədə, Əsgəranda qeyd olunacaq”.

 

Milli Məclisin digər bir deputatı Naqif Həmzəyev isə vurğulayıb ki, Azərbaycan Qərbin oyunlarını çoxdan pozub:

 

“30 illik işğal dönəmində beynəlxalq güclər Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllini təəssüflər olsun ki, dəstəkləmədilər. Dəstəkləri də sözdə oldu, real addımlar atılmadı. ATƏT-in Minsk qrupu regiona yalnız turistik səfərlər etdilər, öz mandatlarının onlara verdiyi imkanlardan düzgün istifadə etmədilər. Faktiki olaraq, beynəlxalq güclər bu münaqişəni dondurmaq, prosesin həlli müddətini uzatmaq və nəticə etibarilə Ermənistanın xeyrinə hansısa qərarın verilməsi niyyətində idilər. Ancaq Azərbayucan Qərb dairələrinin, xüsusilə də, ermənilərin havadarlarının plan və oyunlarını pozdu. Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusu canları, qanları hesabına torpaqlarımızı azad etdilər. 2020-ci ilin 8 noyabr tarixində Şuşanın azad olunmasından sonra Ermənistan kapitulasiya aktına imzalamağa məcbur oldu. Məhz 9-10 noyabr tarixində üçtərəfli bəyannamə imzalandı. 8 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı”.

Naqif Həmzəyev builki Zəfər Gününün olduqca möhtəşəm şəkildə qeyd ediləcəyini söyləyib:

 

“Biz bu il Zəfər bayramımızın 3-cü ildönümünü qeyd edəcəyik. Bu zəfərin əldə olunmasında Ordu, Xalq və Lider birliyi qələbəni şərtləndirən əsas amillərindən idi. Xüsusilə də, şəhidlərimizin, müharibə içtirakçılarının əməyi danılmazdır. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Azərbaycan durduqca bu zəfərin qazanılmasında əməyi olan heç kəsi unutmayacağıq. Şükürlər olsun ki, biz öz torpaqlarımızı azad etdik. Məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün təcili, təxirəsalınmaz işlər görülür. Artıq Ağalıda, Zəngilanda, Füzulidə həyat başlayıb. Heç kim bir daha Azərbaycanın ərazi bütövlüyünə təcavüz edə bilməyəcəkdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Bununla da, biz separatizmin kökünü kəsə bildik.Suverenliyimizi tam bərpa də bildik. Bu gün dünya ictimaiyyəti Azərbaycanın yaratdığı reallıqları qəbul edir. Ermənistan da bu reallığı qəbul etmək məcburiyyətindədir. Çox xoşbəxt dövlətik ki, öz təqvimimizə zəfər günlərini daxil etdik. Biz artıq  qələbə günlərini qəbul edirik. İşğal günləri təqvimdə tarix kimi qalıb. Bu isə misilsizdir”.

Mənbə

Share: