Azərbaycan qazını Avropaya nəql edən Cənub Qaz Dəhlizinin ən uzun hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) iyul ayında gündəlik qaz axını maksimum səviyyəsinə çatdı.
Millətin Səsi.az Trend-ə istinadla xəbər verir ki, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz bildirib.
O qeyd edib ki, 30 iyun 2018-ci il tarixində TANAP vasitəsilə Türkiyəyə qaz tədarükünün başlanmasından indiyədək bu ölkəyə təxminən 6,2 milyard kubmetr qaz verilib.
“30 iyun 2018-ci ildə gündəlik 4.7 milyon kubmetr qaz axını ilə başladıq. Bu həcm tədricən artmağa doğru getdi. 1 iyul 2019-cu ildə 11.3 milyon kubmetrə çatdı və 1 iyul 2020-ci ildə maksimum 17 milyon kubmetr səviyyəsinə çatdıq”, – nazir qeyd edib.
Dönməz TANAP-ın Avropada enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Xatırladaq ki, TANAP qaz boru kəmərinin birinci hissəsinin (Faza-0) istismara verilməsi 12 iyun 2018-ci ildə Türkiyənin Eskişehir vilayətində baş tutub və 2018-ci il iyunun sonundan etibarən Türkiyəyə ticari qaz tədarükü başlayıb.
TANAP-ın ikinci hissəsinin (Mərhələ-1) açılış mərasimi 30 noyabr 2019-cu ildə Türkiyənin Ədirnə əyalətinin İpsala bölgəsində baş tutub.
Yunanıstan sərhəddinə yaxın olan bu ərazidə TANAP Transadriatik Boru Kəməri (TAP) ilə birləşdirilir, bu ərazidən Azərbaycandan təbii qaz Avropa ölkələrinə veriləcək.
Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəmərinin ilkin gücü ildə 16 milyard kubmetr qaz təşkil edir ki, bundan təxminən altı milyard kubmetri Türkiyəyə, qalan hissəsi Avropaya tədarük ediləcək. TAP qurulduqdan sonra isə qaz 2020-ci ilin sonlarında Avropaya axmağa başlayacaq.
TANAP səhmdarlarının pay bölgüsü belədir: Cənub Qaz Dəhlizi QSC – 51 faiz, SOCAR Turkey Enerji – yeddi faiz, Botaş – 30 faiz, BP – 12 faiz