Tanınmışlar Zəfər Gününü harada və kimlərlə qeyd edəcək…

Azərbaycanda Zəfər Gününün üçüncü ildönümü qeyd olunur. Lakin builki bayram digərlərindən fərqlənir. Belə ki, antiterror tədbirləri nəticəsində nəzarətimizə keçən Xankəndidə Zəfər Günü ilə bağlı hərbi parad keçiriləcək. 

 

Modern.az tanınmışlar arasında Zəfər Günü ilə bağlı sorğu keçirib.

 

Saytımıza açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və bu günü Bakıda qeyd edəcəyini bildirib.

“Ərazimizdəki seçicilərlə, eləcə də ayrı-ayrılıqda ailə üzvləriimizlə qeyd edəcəyik”, – o vurğulayıb.

 

“YeniSabah”ın baş redaktoru Seymur Verdizadə növbətçi olacağından Zəfər Gününü təmtəraqlı qeyd edə bilməyəcəyini bildirib:

 

“Gün ərzində ölkənin xəbər məkanını təqib edəcək, saytımızın oxucularını ən son xəbərlərlə vaxtında məlumatlandırmağa çalışacağam. Əsas odur ki, mən artıq bayram ovqatına bu gündən köklənmişəm. Əminəm ki, sabah Zəfər Günü ilə bağlı keçirilən tədbirlər ovqatımı daha da yüksəldəcək. Hazırda mənim üçün Zəfər Gününü kompüter arxasında, yaxud süfrə arxasında keçirmək bir o qədər də fərq etmir. Əsas odur ki, biz 8 Noyabr tarixini qələbə əhal-ruhiyyəsi ilə qeyd edirik”.

 

Xalq artisti Mənsum İbrahimov budəfəki Zəfər Gününün Azərbaycan xalqı üçün daha da təmtəraqlı olacağını söyləyib:

 

“Qarabağı tam şəkildə düşməndən azad edib, suverenliyimizi bərpa etmişik. İlk dəfə bu şəraitdə Zəfər Gününü qeyd edəcəyik. Bu, çox böyük əhəmiyyətə malik tarixi hadisədir. Bu gün bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanır. Bizdə ən böyük Zəfər bayramı məhz bu olacaq. Bu, bizim üçün tarixi hadisədir. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, Ali Baş Komandana da cansağlığı arzulayıram. Bu zəfərlə tarixən nəsillər fəxr edəcək. Çünki biz bu problemi övladlarımıza qoymadıq. Dünyada alnımız açıq, üzümüz ağdır. Sanki bir xəcalətdən xilas olduq”.

 

M.İbrahimov tədbirlərdə olacağını deyib:

 

“Əlbəttə ki, biz sənət adamı kimi, Zəfər Günü ilə bağlı tədbirlərə öz töhfəmizi veririk. Şuşada tədbirlər olacaq. Orada bizim muğam müsabiqəsinin qalibləri də iştirak edəcək. Onları biz hazırlamışıq. Azərbaycanın müxtəlif yerlərində tədbirlər olacaq. Onların bir çoxunda biz də iştirak edəcəyik. Fürsətdən istifadə edib, Ali Baş Komandanımızı və bütün xalqımızı ürəkdən təbrik edirəm. Xalqımızın birliyi nəticəsində biz müharibədə qalib gəldik. Allah bu birliyimizi bizə çox görməsin. İndi də quruculuq işlərində birlik göstərəcyik. İşğaldan azad olunmuş ərazilərdə çoxlu tədbirlər, festivallar keçirəcəyik”.

 

Tanınmış idmançı, Avropa Çempionu Əliabbas Rzazadə Zəfər Gününü əsgər yoldaşları ilə qeyd etməyi düşünür:

 

“Biz qələbəni şəhidlərimizin, döyüşən əsgər və zabitlərimizin, Ali Baş Komandanın sayəsində qazanmışıq. Çox istərdim ki, bu qələbəni əsgər, eləcə də qazi yoldaşlarımla qeyd edim. Məlum olduğu kimi, ayın 27-də Bakıda  hərbiçilər arasında çempionat keçiriləcək. Hazırda bu yarışa hazırlaşırıq. Məşq mərhələsindəyik. Hərbçilərin arasında keçirilən yarış olduğu üçün ciddi hazırlaşırıq ki, çempion olaq. Bununla da Vətən müharibəsində iştirak edən insanlara bir növ stimul olmaq istəyirik”.

Digər bir tanınmış idmançı, Avropa Çempionu Hacı Əliyev bayramı evdə ailəsi ilə bir yerdə qeyd edəcəyini söyləyib:

 

“Zəfər Günü münasibətilə başda cənab Ali Baş Komandan İlham əliyev olmaqla bütün xalqımızı təbrik edirəm. Bu qələbəni hər kəs kimi evdə ailəmizlə bir yerdə  qeyd edəcəyik. Sabah Zəfər Gününə həssr olunmuş futbol üzrə çempionat var.  Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan çempionatda biz final oynayacağıq. Təbii ki, birinci növbədə idmançılar bir yerdə bayramı qeyd edəcəyik. Sözsüz ki, hər kəs kimi evimizdə, ailəmizdə bayramı qeyd edəcəyik. Xalqımızı bir daha təbrik edirəm. Biz bu qələbə ilə bütün dünyaya səs salmışıq”.

 

Mənbə

Share: