Tarif (Qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi ölkədə dərman vasitələrinin satışı üzrə fəaliyyət göstərən təsərrüfat subyektləri arasında rəqabəti gücləndirəcək.
Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, bu da dərman bazarında ucuzlaşmaya səbəb olacaq.
“İndiyə qədər Tarif Şurası konkret qiymət müəyyən edirdi və bu dərmanlar bu qiymətə satılırdı. Yəni qiymət çox dar bir dəhlizdə idi. İndi isə dərman satışı üçün yuxarı hədd müəyyənləşdirilir. Bu da rəqabət üçün şərait yaradacaq. Amma qiymətlərin ciddi azalacağını gözləmirəm, sadəcə bazara yeni oyunçuların daxil olmasına imkan verilib. Əvvəllər Tarif Şurası konkret qiymət müəyyən etdiyinə görə, rəqabət müəyyən qədər pozulurdu. Nəticədə daha rahat formada dərman əldə edə bilib bazarda daha çox alıcı cəlb etməyi bacaran təsərrüfat subyektləri bu fəaliyyətə başlamağa maraqsız idi. Amma bu dəyişiklik təsərrüfat subyektlərini bir qədər aktivləşdirəcək. Bir şərtlə ki, bu aktivliyin qarşısı hansısa digər subyektiv amillərlə alınmasın. Yəni əlində müəyyən qədər inzibati resurslar və ya inzibati resurslara çıxışı olan güclü təsərrüfat subyektləri onlara mane olmasın, ölkəyə dərmanın idxalına, qeydiyyat proseslərinə problem yaratmasın. Bunlar olmazsa, apteklər arasında qiymət fərqi olacaq”, – deyə ekspert qeyd edib.
“Dərman bazarına müsbət təsir edəcək proseslərdən biri də Milli Məclisdə Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı göndərilən təkliflərlə bağlıdır. Yaxın müddətdə bu məcəllənin qəbulu gözlənilir. Sənəd qəbul edilərsə, işlək mexanizm formalaşarsa, onun işləməsinə hansısa inzibati maneələr yaradılmazsa, dərman əlçatanlığı ölkə əhalisi üçün daha yaxşı olar”, – deyə o, əlavə edib.
Ekspert hesab edir ki, ölkədə dərman vasitələrinə əlçatanlığın təmin olunması üçün bu il əvvəlki illərlə müqayisədə daha nikbin təəssüratlar yaradır: “Dərman zavodlarının açılması və qanunvericilik bazasında dəyişikliklərin olması müsbət haldır. Eyni zamanda, bir qərar dərmanların qiymətinin kəskin enməsini təmin edə bilməz. Dərman vasitələrinin kifayət qədər ucuzlaşması üçün problem kompleks şəkildə həll olunmalıdır. Bunlardan da biri ölkədə dərman istehsalına kifayət qədər nail olunmasıdır. Yəni daha böyük həcmli zavodların tikintisinə ehtiyac var. Bu il yeni dərman zavodunun açılmasını bu istiqamətdə bir ilk hesab etmək olar. Məncə bu, müsbət bir tendensiya yarada biləcək. Düzdür, ölkədə bütün dərman vasitələrinin istehsalı mümkün deyil, buna 20 ilə də nail ola bilmərik. Amma ən azından nədənsə başlamaq lazımdır. Bu baxımdan dərman zavodlarının açılmasını müstəsna əhəmiyyətli hadisə hesab edirəm.
Bundan başqa, əvvəl dərman vasitələrinin qeydiyyata alınması ilə bağlı istehsalçıların məcburi müraciəti olmalı idi. Yeni dəyişikliklə idxalçıların da müraciəti əsasında dərman vasitələri qeydiyyata alına bilər”.