TARİXİ GÜN: Türkiyə prezidentini seçir

TARİXİ GÜN: Türkiyə prezidentini seçir

Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

 

Modern.az xəbər verir ki, Türkiyə vətəndaşları ölkənin 13-cü prezidentini və 28-ci çağırış parlamentin deputatlarını seçəcək.

 

Qeyd edək ki, prezidentlik uğrunda 3 namizəd – Ədalət və İnkişaf Partiyasının (AK Parti) lideri, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, “Millət ittifaqı”nın namizədi Kamal Kılıçdaroğlu və “ATA İttifaqı”nın namizədi Sinan Oğan mübarizə aparır. 

 

Prezident seçimləri ilə yanaşı, parlamentə daxil olmaq üçün 24 siyasi partiya və 151 müstəqil deputat namizədi yarışır.

 

Məlumat üçün bildirək ki, Türkiyə daxilində və xaricdə seçicilərin ümumi sayı 64 milyon 113 min 941 nəfərdir. Onlardan 60 milyon 697 min 843 nəfəri yerli seçicilərdir. Yerli seçicilərin 30 milyon 710 min 790-ı (50,6 faiz) qadın, 29 milyon 897 min 53-ü (49,4 faiz) kişidir.

 

Ölkə üzrə ortopedik və görmə qüsurlu seçicilərin sayı 989 min 543, 75 və yuxarı yaşda olan seçicilərin sayı 3 milyon 180 min 802, həbsxanada olan seçicilərin sayı 53 min 172 nəfərdir. Türkiyədə 4 milyon 904 min 672 nəfər 18 yaşdan yuxarı seçici bu gün ilk dəfə səs verəcək.

 

Onu da qeyd edək ki, prezident seçkiləri ikinci tura keçərsə, ilk dəfə səs verəcək seçicilərin sayına 2435 yeni seçici əlavə olunacaq.

Mənbə

Share: