Taxıl dəhlizi ətrafında gərginlik artır

Taxıl dəhlizi ətrafında gərginlik artır

 

“Qərb tərəfdən Rusiyanı inandıracaq heç bir addım atılmayıb…”

 

“BMT gəmiçilik təhlükəsizliyi zəmanətlərinin mövcud olmadığı barədə bəyan edib…”

 

Rusiya taxıl dəhlizindən tam imtina etməyib, yalnız sazişdə iştirakını dayandırıb, lakin bir-birinin ardınca edilən təhlükəli gedişlər bu marşruta dönüşü təhlükə altına atır.

 

Moderator.az xəbər verir ki, bu barədə Türkiyınin “Hürriyet” nəşri yazıb.

 

Üstəlik, Qərb tərəfdən Kremlin öz qərarını dəyişməyə inandıracaq heç bir addım atılmayıb.

 

Ötən həftənin beynəlxalq siyasət nöqteyi-nəzərindən ən mühüm hadisələrdən biri Rusiyanın BMT və Türkiyənin vasitəçiliyi ilə bağlanmış taxıl dəhlizi haqqında sazişin qüvvədən düşməsi olub.

 

Əslində, bu, gözlənilən idi. Bu ilin mayın 17-dən sazişin növbəti 60 günə müddəti uzadılan zaman Rusiya dəfələrlə bəyan edib ki, onun tələbləri icra edilməyincə sövdələşmədən çıxacaq. 

 

Taxıl sövdələşməsi dünyaya rahatlıq gətirib

 

22 iyul 2022-ci ildə Kiyev və Moskva ilə iki ayrıca taxıl sazişi imzalanıb və bu, Ukrayna taxılının beynəlxalq bazarlara çıxışına imkan verib.

Bu razılaşmalar sayəsində Ukrayna xaricə təxminən 33 milyon kənd təsərrüfatı məhsulları ixrac etmək imkanı əldə edib. Bundan başqa, taxıl tədarükünün davam etməsi bazarlarda taxıl məhsullarının qiymətlərinin aşağı düşməsinə gətirib çıxarıb.

 

Rusiyanın istədiyi nədir?

 

Sazişin Ukraynaya aid hissəsi son vaxtlaradək uğurla icra edilib. Lakin Rusiya tərəfi öz taxılı və gübrəsini beynəlxalq bazarlarda sata bilmir, çünki razılaşmalar icra olunmur.

 

Qərb Rusiyanın kənd təsərrüfatı məhsullarına sanksiyaların olmadığını deməsinə rəğmən, Moskva bəyan edir ki, beynəlxalq şirkətlər Rusiya gəmilərini sığortalamır və onların Avropa limanlarına daxil olmasına icazə verilmir. 

 

Moskva “Rosselxozbank”ın SWIFT sisteminə, beynəlxalq pul köçürmələrinə dönməsini, Rusiyadan Ukraynaya gedən ammonyak kəmərinin açılışını və kənd təsərrüfatı texnikası komplektləşdiriciləri üçün məhdudiyyətlərin götürülməsini istəyir.

 

Moskvanın narahatlığı

 

Rusiyanın qaldırdığı daha bir məsələ bundan ibarətdir ki, taxıl dəhlizi ilk növbədə Afrikanın kasıb ölkələrinin qidalanmasını təmin etməlidir, lakin bu dəhliz tədricən kənd təsərrüfatı məhsullarının böyük hissəsinin zəngin və ya orta gəlirli ölkələrə çatdıran kommersiya marşrutuna çevrilib. 

 

“Anadolu” informasiya agentliyinin məlumatına görə, dəhliz vasitəsilə daşınan taxılın 40 faizi Avropaya, 30 faizi Asiyaya, 13 faizi Türkiyəyə, 12 faizi Afrikaya, 5 faizi Yaxın Şərqə nəql edilib.

 

Gərginlik artır

 

Rusiya taxıl dəhlizinə hələ tam son qoymayıb, yalnız sazişi qüvvədən salıb. Lakin bir-birinin ardınca edilən təhlükəli gedişlər bu marşruta dönüşü təhlükə altına sala bilər.

 

Ukrayna taxıl dəhlizini müstəqil olaraq idarə etmək qabiliyyətində olduğuna israr etsə də, Ukraynanın taxıl ixrac edən limanlarının Rusiya tərəfindən hücuma məruz qalması barədə xəbərlər yayılmaqdadır. Rusiya bəyan edib ki, Ukrayna limanlarından yola düşən gəmilərə hərbi yük daşıyanlar kimi baxacaq, 

 

BMT isə “gəmiçilik təhlükəsizliyi zəmanətlərinin” mövcud olmadığı barədə məlumat verib. Hal-hazırda iqlim dəyişikliyi ilə əlaqədar olaraq onsuz da təhlükəli dövrdür, bu zaman Qara dənizdən gələn xəbərlər beynəlxalq fond bazarlarında narahatlığı daha da artırıb.

 

Alternativ axtarışlar

 

Ukrayna hazırda sövdələşməyə alternativlər axtarışındadır. Variantlardan biri Rumıniyanın Konstants limanından tədarükləri davam etdirməkdir. Lakin Rumıniyaya da öz ixracı üçün limanlar lazımdır. 

 

Digər tərəfdən, Polşa, Macarıstan, Slovakiya, Bolqarıstan və Rumıniya Ukrayna taxılının daxil olmasına qadağa tətbiq edir və buna səbəb aqrar işçilərinin “biz zyana düşürük” reaksiyalarıdır.

 

Ukrayna taxılının Avropaya avtomobil və dəmir yolu ilə daşınması, sonradan dünya bazarlarına çatdırılması mürəkkəb və bahalı variantdır.

 

Ukraynada döyüş əməliyyatları fonunda məhsuldarlığın aşağı düşdüyü zaman Rusiya mövsümün məhsuldar olduğunu, yeni mövsüm yaxınlaşdıqca daha çox taxıl sata biləcəyini və hətta Afrika ölkələrinə bağışlayaca biləcəyini bəyan edir.

 

Nəzərlər Türkiyəyə yönəlib

 

Məlum olduğu kimi, Türkiyənin rəsmi şəxsləri əvvəllər bəyan edib ki, Rusiyanın taxıl dəhlizi ilə bağlı tələbləri ədalətlidir. Lakin BMT-nin təşəbbüslərinə rəğmən, Qərb tərəfdən Rusiyanı inandırmaq üçün heç bir addım atılmayıb.

 

Əslində Qərbi narahat edən taxıl satışının Rusiyaya yeni gəlir gətirəcəyi və döyüş əməliyyatlarını davam edəcəyinə imkan verəcəyidir. Digər tərəfdən, taxıl mübahisəsi həm də Ukrayna və Rusiyadan taxıl alan, onu un məmulatlarına emal edən və ixrac edən Türkiyə istehsalçılarına da təsir edə bilər.

 

Türkiyə hakimiyyəti tərəflərlə sazişin davam etdirilməsi üçün təmaslarını davam etdiyi zaman, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib: “Mən inanıram ki, Putin bu humanitar dəhlizin işinin davam etdirilməsini istəyir”.

 

Hazırda böhranın aradan qaldırılmasına və qarşılıqlı güzəştlər hesabına çıxış yolu tapılacağı ümidlərilə bağlı bütün nəzərlər Türkiyəyə yönəlib.

 

Müəllif: Nilgün Təkfidan Gümüş

Mənbə

Share: