“Taxıl marşrutu”nda nə qədər yük daşınıb?

 

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu taxıl dəhlizində daşınan yüklərin miqdarı ilə bağlı yazılı açıqlama verib.

Milletinsesi.az xəbər verir ki, Ukrayna-Rusiya müharibəsindən sonra taxıl böhranı yaşandığını xatırladan Karaismailoğlu, dünyanın ən əhəmiyyətli taxıl mərkəzlərindən biri olan Ukraynadan taxıl daşımalarının dayandığına diqqət çəkib.

O, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə sıx diplomatik fəaliyyətin aparıldığını və bunun nəticəsində yenidən taxıl daşımalarına başlanıldığını ifadə edib.

“1 avqust – 25 dekabr tarixlərində Ukraynanın Odessa, Çornomorsk və Yujnı limanlarından ümumilikdə 585 gəmi yola düşüb. Daşınan yüklərin ümumi həcmi 15 milyon 80 min tonu ötüb. Arpa, buğda, soya, günəbaxan unu, buğda kəpəyi , noxud, günəbaxan tumu, emal olunmuş qarışıq qida, şəkər çuğunduru, günəbaxan yağı, qarğıdalı və soya yağı daxil olmaqla 13 müxtəlif növ yük daşınıb”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, yüklərin 15 faizi Türkiyəyə ünvanlanıb. Yüklərin 12 faizi Afrikaya, 29 faizi Asiyaya, 44 faizi isə Avropaya daşınıb.

Mənbə

Share: