“Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün keçirilməsi əlamətdar tarixi hadisədir. Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan ortaq mədəniyyət, soykök və tarixi əlaqələr bağlayır. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini və etnik köklərini qoruması olduqca vacibdir. Bu baxımdan Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması türk dövlətlərinin bir təşkilat altında birləşmiş olması və qarşılıqlı əlaqələrini daha da möhkəmləndirməsi dünyada gedən mürəkkəb proseslərin fonunda tarixi əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu gün əminliklə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbədən və suverenliyini tam bərpa etdikdən sonra regionda yaranmış olan yeni reallıq, geosiyasi vəziyyət və eləcə də dünyada baş verən mürəkkəb proseslər Türk dövlətləri arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin daha da inkişaf edib möhkəmlənməsini zərurətə çevirmişdir. Son illər bu istiqamətdə bütün sahələr üzrə strateji əhəmiyyətli sənədlərin qəbul olunması, bir sıra tədbirlərin görülməsi Türk dövlətləri arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qaldırılması istiqamətində xeyli iş görüldüyünü deməyə əsas verir. Məsələyə geosiyasi baxımından da nəzər yetirmək olar. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xəritədə coğrafi yerləşməsinə nəzər yetirsək onların Mərkəzi Asiya, Xəzər höfzəsi, Cənubi Qafqaz, Qara dəniz, Bosfor və Dardanel boğazları, Aralıq dənizi, Avropa kimi vacib regionları əhatə etdiyinin şahidi olarıq. Güclü inteqrasiya həyata keçirmiş bu təşkilat gələcəkdə bütün üzv ölkələrin ayrı-ayrılıqda və Türk Dövlətləri Təşkilatının ümumilikdə geosiyasi çəkilərinin artmasına gətirəcəkdir.
10-cu yubiley Zirvə görüşündə çıxış edən dövlətimiz başçısı cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlığın vacib istiqamətlərinə toxunaraq qeyd edib: “Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.” Cənab Prezidentin fikirlərinə istinadən deyə bilərik ki, dünyada baş verən mürəkkəb proseslər fonunda üzv ölkələr arasında təhlükəsizlik və müdafiə məsələləri əməkdaşlığın mühüm istiqamətlərindən birini təşkil etməlidir. Onu da qeyd edək ki, bu gün dünyada baş verən transformasiyalar təşkilatın arealının genişlənməsinə və əlaqələrin daha da inkişafına təsir edən amillərdəndir.
Bu gün Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında münasibətlər tarixinin qızıl dövrünü yaşayır desək yanılmarıq. Üzv ölkələr arasında tarixin sınaqlarından çıxmış dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.Xüsusilə qeyd etməliyik ki, Azərbaycanın haqq işində Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr sona qədər dəstək nümayiş etdiriblər. Özbəkistanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına məktəb və azaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzi bu ölkələr arasında dostluğun, qardaşlığın rəmzidir.
Zirvə görüşündə diqqət çəkən mühüm məsələlərdən biri də qardaş Türkiyə Respublikasının Prezidenti cənab R.T.Ərdoğanın çıxışında səsləndirdiyi mesaj idi. O çıxışında deyib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik. Qardaş ölkənin prezidentinin səsləndirdiyi bu fikir həm Cənubi Qafqaz regionu, həm də türk dövlətləri üçün tarixi əhəmiyyətə malikdir. Nümayiş olunan bu dəstək isə ölkələrim arasında mövcud olan dostluq, qardaşlıq və stretji tərəfdaşlıq əlaqələrinin sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirmiş oldu.
Millət vəkili Tamam Cəfərova xüsusilə qeyd edib ki, Türk xalqlarının birliyi naminə bütün türkdilli dövlətlər böyük əmək sərf ediblər. Qeyd edək ki, Əməkdaşlıq əlaqələri artan dinamika ilə inkişaf edir. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.
Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir. Gərgin əməyin məntiqi nəticəsidir ki, biz türkdilli dövlətlər arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasını müşahidə edirik. Lakin əldə edilən nailiyyətlərlə yanaşı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqmaətində atılacaq bir çox addımlar var. Əminliklə deyə bilərik ki, nəticə etibarı ilə keçmişə nəzər salsaq, əldə edilən nailiyyətlər gələcəkdə bu və digər hədəflərə çatmaqda baza rolunu oynayacaq.
Millət vəkili Tamam Cəfərova belə deyib.