“Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı İran rejiminin Azərbaycana xəyanətidir…”

“Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı İran rejiminin Azərbaycana xəyanətidir…”

“Dünən Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı İran rejiminin Azərbaycana, eləcə də İslam dəyərlərinə növbəti xəyanətidir. Ölkəmizdə fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlatları, eləcə də mütərəqqi dünya ictimaiyyəti bu hadisəni qınayan bəyənatlar veriblər. Fikrimcə, bu məsələdə xüsusilə dini ictimaiyyət fəal olmalıdır”.

 

Bunu dünən Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu Moderator.az-a şərh edən İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib: 

 

“Artıq Qafqaz Müsəlmanları İdarəsi terror aktını lənətləyən bəyanat verib. Bəzi din xadimlərimizin də bu istiqamətdə açıqlamaları olub. Düşünürəm ki, İranın bu addımı qarşısında inanclı insanlarımızın səsi daha da gur çıxmalıdır. Hadisəni lənətləməkə kifayətlənməməli, İrandan terror aktı ilə əlaqəli hesab tələb edilməlidir. İctimaiyyət içərsində nüfuzu olan ruhanilərimizin hadisiyə münasibəti əks etdirən birgə bəyanat vermələri də məqsədəuyğundur. Din xadimlərimiz İranın dinimizlə, əhli-beyt dəyərlərləri ilə uzlaşmayan addımlarını ifşa etməli, özünə “İslam Respublikası” deyən bu rejimin əsl mahiyyətini insanlara çatdırmalıdırlar.

 

Qurani-Kərimin “Mümtəhənə” surəsinin 9-cu ayəsində “Allah sizə sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!”- buyurulur. Bizi yurdumuzdan çıxaran ermənilərə kömək göstərən və onlarla dostuluq münasibəti quran İrandır. Zalımı dəstəkləyən də zalımdır. Əgər bir ölkənin başçıları məscidlərimizi, əhli-beyt nəslinə mənsub övliyanın türbələrini dağıdan, ibadət yerlərimizi donuz və mal tövləsinə çevirən bir dövlətin liderini öpərək başda otuzdurur və “Befərmayid, hacıağa” (Hacı ağa, buyur) deyirsə, öz paytaxtını həmin dövlətin paytaxtının “bacısı” (mərasimin adı farsca məhz “Tehran və İrəvanın bacılaşması” idi – خواهرخواندگی تهران و ایروان) elan edirsə, “Ermənistan sərhədi bizim qırmızı xəttimizdir”, “Ermənistana təcavüz bizə təcavüzdür” deyirsə, belə bir dövlətin İslam adından, əhli-beyt adından danışması riyakarlıqdan başqa bir şey deyildir.

 

Amma təəssüf ki, ölkəmizdə az da olsa, İranı öz “qibləgah”ına çevirənlərə, əhli-beyt irsinin mərkəzi hesab edənlərə rast gəlirik. Ümid edirəm ki, din xadimlərimiz cənub qonşumuzun əməllərinin İslam dini ilə, əhli-beyt dəyərləri ilə, şiə məzhəbi ilə heç bir əlaqəsinin olmadığını dini ictimaiyyətə tam açıqlığı ilə çatdıracaqlar. Müsəlmanı arxadan vuran müsəlmanın dostu ola bilməz.  Zalıma dəstək verən, ona arxa duran “Mən ölümü səadətdən, zalımlarla yaşamağı isə zəlillikdən başqa bir şey bilmirəm”- deyən İmam Hüseynin yolundan gedə bilməz”.

Mənbə

Share: