“Səfirliyimizə hücumdan əvvəl İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanında olsa da, bir neçə saniyə söhbətdən sonra ərazidən uzaqlaşıb”.
Milletinsesi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib.
“Eyni zamanda, terrorçu cinayəti törətməzdən əvvəl avtomobili ilə iki dəfə səfirliyin qarşısından keçib və polis ona mane olmayıb. Terrorçu dörd dəqiqədə səfirliyin bir əməkdaşını qətlə yetirib, iki əməkdaşını yaralanıb. Görünən odur ki, baş verən hadisə əvvəlcədən planlaşdırılıb”, – deyə XİN rəsmisi bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb.