Tokio-2020 Olimpiadasının boks yarışları formatında dəyişikliklər edildi

2020-ci ildə Tokioda (Yaponiya) keçiriləcək Yay Olimpiya Oyunlarının boks yarışları sistemində dəyişikliklər edilib.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İsveçrənin Lozanna şəhərindəki İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Yeni formata əsasən, qarşıdakı olimpiadada kişilər 8, qadınlar 5 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar. Beləliklə, ümumilikdə 286 boksçudan 186-sı kişilərin yarışına 48 kq – 52 kq, 52 kq – 57 kq, 57 kq – 63 kq, 63 kq – 69 kq, 69 kq – 75 kq, 75 kq – 81 kq, 81 kq – 91 kq, 91 kq və yuxarı çəkilərdə qatılacaq. 100 qadın boksçu isə 48 – 52 kq, 54 kq – 57 kq, 57 kq – 60 kq, 64 kq – 69 kq və 69 kq – 75 kq çəkilərdə çıxış edəcək.

Halbuki, “Rio-2016″da 250 kişi boksçu 10 çəkidə, 36 qadın boksçu 3 çəkidə mübarizə aparıb.

Lakin “Tokio 2020″də boksçuların bürünc medallarla mükafatlandırılma formatına dair qərar çıxarılmayıb. Əvvəlki olimpiadaların boks yarışlarında hər bir çəkidə iki bürünc medal verilirdi. Yekun qərar İOC-un 23 – 26 iyunda keçiriləcək sessiyasına saxlanılıb.

Mayın sonlarında IOC Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) tanınmaqdan məhrum edilmə məsələsinin Sessiyada baxılmasını qərara alıb. Bu baş versə, ali boks qurumu qarşıdakı olimpiadada bu növ üzrə yarış keçirə bilməyəcək. Boks Oyunların proqramında saxlanılsa da, “Tokio 2020” üçün təsnifat turniri və yarışın təşkili ilə IOC-un özü məşğul olacaq. Boks turnirinin keçirilməsi üzrə planı gerçəkləşdirməkdən ötrü xüsusi komissiya yaradılıb. Yaponiya paytaxtındakı olimpiada gələn il iyulun 24-dən avqustun 9-dək təşkil ediləcək (Report).

Share: