
“Azərbaycan Müdafiə Nazirliyi tərəfindən adları çəkilən Xankəndi- Xəlfəli -Turşsu və Xankəndi – Kosalar – Mirzələr – Turşsu torpaq yolları həqiqətən də Ermənistandan Yuxarı Qarabağa əsgər və hərbi yüklərin daşınması üçün istifadə edilə bilər”.
Moderator.az xəbər verir ki, bu fikri Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun postsovet araşdırmaları mərkəzinin elmi işçisi Aleksandr Karavayev martın 26-da “Kavkazski uzel” nəşrinin müxbirinə söyləyib.
Rusiyalı ekspert əlavə edib ki, kənd yerlərin dərə boyu bir çox yollar texnoloji marşrutları əvəz edir. Və Yuxarı Qarabağda belə yollar çoxdur.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin martın 25-də yaydığı məlumatda belə deyilir:
“Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir.
Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib”.
Həmin gün sonradan Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytının “sülhməramlı”lara aid bölməsində martın 25-i üçün yayılan bülletendəki məlumatda Azərbaycan hərbi birləşmələrinin Şuşa rayonu ərazisində 2054,0 nişanlı yüksəkliyi (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) nəzarətə götürməsi və ərazidəki postda mühəndis-texniki işlərinə başladığını təsdiqləyib. “Sülhməramlı” kontingent komandanlığı həddini aşaraq “Azərbaycan tərəfinə dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrinin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi barədə tələb çatdırıb”.
Halbuki, öncə dediyimiz kimi, ötən 2 ildən çox müddətdə Rusiya hərbi kontingenti həm faktiki, həm də gündəlik dislokasiya xəritələri üzərində həmin 1-ci bəndi pozmaqla günlərlə öz məsuliyyət zonalarından kənara çıxmışlar. Bundan əlavə, eyni sənədin 4-cü bəndinə də əməl etməyərək Azərbaycan ərazisindəki qanunsuz erməni birləşmələrinin tərksilah edilməsinə nail olmamışlar. Və üstəlik, Ermənistandan Qarabağa əlavə canlı qüvvə və silah-sursat, bəlkə də zirehli texnika da və s. daşınmasına şərait yaratmışlar. Və s. və i.a. Söylədiyimiz və söyləyəmədiyimiz digər məqamları nəzərə alsaq, Azərbaycan torpağında heç bir hüquqi-siyasi mandatı olmadan yerləşmiş Rusiya hərbi kontingentinin Silahlı Qüvvələrimiz qarşısında heç bir tələb qoymağa haqqı yoxdur. Göründüyü kimi, bunu hətta dolayısıyla Rusiya ekspertləri də təsdiqləyir…
Sultan Laçın