İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Ermənistan ordusunun artilleriya və diversiya qruplarından istifadə etməklə törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub, 4-ü isə yaralanıb.
Son illərdə təmas xəttində nisbətən sabitləşən atəşkəs rejiminin rəsmi Yerevan tərəfindən kobud şəkildə pozulması ciddi suallar doğurub.
Bir tərəfdən, atəşkəs rejiminin qorunmasının vacibliyini hər addımda qabardan baş nazir Nikol Paşinyanın oğlu Aşotun ordudan təxris olunmasından sonra ritorikasını dəyişməsi mümkün ehtimaldır.
Belə ki, pandemiya şəraitində ciddi reytinq itkisi ilə üzləşən Paşinyan cəbhədə yaradacağı təxribatla daxili auditoriyanın diqqətini iqtisadi problemlərdən yayındırmağı düşünə bilər.
Digər tərəfdən isə, təxribat Nikol Paşinyan 2008-ci il 1 mart iğtişaşları ilə bağlı həbsə göndərdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş sədri, sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovla bağlı ola bilər. “Qarabağ klanı”nın etibarlı kadrı sayılan Xaçaturov 2008-ci ildə Yerevan qarnizonunun komandiri olub və prezident seçkilərinin nəticələrinə etiraz edən kütləyə qarşı ordu qüvvələrindən istifadə etməkdə ittiham olunur.
Tovuzdakı insidentlə Yuri Xaçaturovu əlaqələndirən səbəb isə onun oğlu Qriqori Xaçaturovdur. Belə ki, general-mayor Qriqori Xaçaturov hazırda Ermənistan ordusunun 3-cü korpusunun komandirdir. Bu korpus isə Azərbaycan-Ermənistan sərhəddinə Qazax rayonunundan Daşkəsən rayonuna qədər olan istiqamətə nəzarət edir. Ermənistan ordusunun tərkibində sayca ən böyük hərbi birlik olan 3-cü korpusun qərargahı Vanadzor şəhərində yerləşir. Korpusun tərkibinə daxil olan 246-cı moto-atıcı alay İcevan, 543-cü moto-atıcı alay Noyamberyan və 549-cu moto-atıcı alay Gədəbəy rayonu ilə üzbəüz yerləşən Çəmbərək şəhərindədir.
Qriqori Xaçaturov hələ 2016-cı il iyulun 7-də eks-prezident Serj Sarkisyan tərəfindən korpus komandiri təyin olunmuşdu. Təyin olunduğu ilk gündən Qriqori Xaçaturov Qazax-Tovuz rayonları istiqamətində gərgin situasiya yaratmış, yaşayış məntəqələrinə atəşi intensivləşdirmişdi. Aqressivliyi ilə ad çıxaran Qruqoriu Xaçaturov ölkə daxilində də adının qalmaqallarda hallanmasından sığortalanmamışdı. Belə ki, korpus komandiri təyin olunana qədər, Qriqori Xaçaturov Ararat vilayətində yerləşən Vazgen Sarkisyan adına hərbi hissəsinin komandiri olub və mənfi reputasiya qazanıb.
“Bəzən əsgərləri diz çökməyə və Xaçaturovun hərbi çəkmələrini öpməyə vadar edirdilər. O və “Roj” ləqəbli müavini Vardan Martirosyan hərbi hissəsi kriminal qanunlarla idarə edir, əsgər və zabit-gizir heyətinə fiziki, psixoloji işgəncələr verirdilər”- deyə hüquq müdafiəçisi Artur Sakunts açıqlama vermişdi.
Hüquq müdafiəçisi atasının və Ermənistan rəhbərliyinin himayəsi altında olan Xaçaturovun ağır cinayətlərə yol verdiyini, onun rəhbərlik etdiyi hərbi hissələrdə şəxsi heyət arasında döyüş və qeyri-döyüş itkilərinin xeyli artdığını xatırladıb.
Son illər Dövlət Sərhəd Xidməti də daxil olmaqla, Azərbaycan Silahlı Qüvvələri üçün Qarabağdan sonra ən gərgin cəbhə xəttinin Qazax-Tovuz rayonları istiqamətində yaranması, təxribat-diversiya cəhdləri, yaşayış məntəqələrinin intensiv atəşə tutulması Qriqori Xaçaturovun adı ilə bağlıdır.
Moderator.az