Trampdan sərt ittiham: “İranın nüvə enerjisi bəhanədir”

Trampdan sərt ittiham: “İranın nüvə enerjisi bəhanədir”

ABŞ prezidenti Donald Tramp hesab edir ki, İran neftlə zəngin olduğuna görə Tehranın nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etməsinə ehtiyac yoxdur.

Musavat.com xəbər verir ki, o, bu barədə Əbu-Dabiyə səfəri zamanı Fox News telekanalına müsahibəsində danışıb: “Onların çoxlu nefti var. Əgər sizin sonsuz neft və qaz ehtiyatlarınız varsa, o zaman sizə dinc nüvə enerjisi nəyə lazımdır? Başa düşə bilmirəm”.
Tramp hesab edir ki, nüvə texnologiyasından dinc məqsədlərlə istifadə “ölkədə neft yoxdursa” məqbuldur. Onun sözlərinə görə, İran “dünyanın ən zəngin neft ehtiyatlarından birinə malikdir”.
O, həmçinin bildirib ki, ABŞ Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək: “Düşünürəm ki, onlar razılığa gəlmək istəyirlər”.

Qeyd edək ki, Omanın vasitəçiliyi ilə ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün dörd raund danışıqlar aparıb.

İran Xarici İşlər Nazirliyi mayın 11-də keçirilən sonuncu raunddan sonra bəyan etmişdi ki, sanksiyalar aradan qaldırılarsa, Tehran uranın zənginləşdirilməsinin həcminin və səviyyəsinin məhdudlaşdırılmasını ABŞ-la müzakirə etməyə hazırdır, lakin nüvə proqramını dayandırmağa heç vaxt razı olmayacaq.

Share: