
ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatını almaq şansı 3% təşkil edir.
Millətin Səsi.az xəbər verir ki, bu məlumatı Polymarket mərc saytı yayıb.
Tramp dəfələrlə bildirib ki, o, çoxsaylı müharibələri “sonlandırdığına” görə Nobel Sülh Mükafatına layiqdir.
Adətən Nobel Sülh Mükafatının qısa siyahılarını təklif edən Norveç Sülh Araşdırmaları İnstitutunun keçmiş rəhbəri Henrik Urdal hələ yanvar ayında mükafatın Sudanın Fövqəladə Hallara Müdaxilə Otaqlarına veriləcəyini söylədi. Polymarket məlumatlarına görə, təşkilatın qalib gəlmə şansı 18% təşkil edir.
Oktyabrın 6-da İsveçin paytaxtı Stokholmda Nobel Həftəsi başlayıb. Nobel Sülh Mükafatı laureatı oktyabrın 10-da Norveçin paytaxtı Osloda elan olunacaq. Bu il 244 fiziki şəxs və 94 təşkilat olmaqla ümumilikdə 338 namizəd irəli sürülüb. KİV-in məlumatına görə, onların arasında ABŞ prezidenti Donald Tramp, isveçli fəal Qreta Tunberq, Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin baş katibi Antonio Quterreş də var. 2016-cı ildə rekord sayda – 376 namizəd irəli sürülüb.