Türk dövlətləri Zirvə görüşü nələr vəd edir?

“Türk dövlətləri 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra yeni müstəqil türk respublikalarının Türkiyə ilə və bir-biri ilə münasibətlərində təbii bir yaxınlaşma baş verdi. Elə 1992-ci ildən etibarən türkdilli dövlətlərin başçıları arasında görüşlər rəsmi xarakter alaraq get-gedə intensivləşməyə başladı. Bu görüşlər Türkdilli Ölkələrin dövlət Başçılarının Sammiti adlanırdı”.

Millətin Səsi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev “Xalq” qəzetinə açıqlamasında bildirib:

– Bu format 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanan Naxçıvan müqaviləsi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası), 2011-ci ildə isə Türk dövlətləri Təşkilatına transformasiya edildi. Hazırda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Təşkilatın üzvləri, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti isə TDT-nin müşahidəçi üzvləridir. TDT-nın növbəti IX Zirvə görüşü 11 noyabr 2022-ci ildə Səmərqənd şəhərində baş tutub.

Qardaş ölkələrin dövlət rəhbərlərini böyük ehtiramla qarşılayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Dövlət Başçıları Şurasının iclasını açaraq müzakirə olunacaq məsələlərdən, Türk Dövlətləri Təşkilatının qarşısında duran vəzifələrdən və əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb.

Zirvə görüşündə çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ikinci ildönümü münasibətilə təbriklərini çatdırıb. Öz çıxışında Prezident Ərdoğan TDT çərçivəsində enerji əməkdaşlığına xüsusi önəm verildiyini də vurğulayıb. Qardaş ölkənin prezidenti Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.

Türk dünyasının geniş bir coğrafiyanı əhatə etdiyini və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olduğunu vurğulayan ­Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsini Azərbaycanın xarici siyasət doktrinasının əsas prioritetlərindən biri olduğunu bəyan edib və bildirib ki, “…Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq…”.

Türkmənistan Parlamenti  Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov əmək-daşlığın genişləndirilməsinin əhəmiyyətindən danışaraq, Səmərqənd Sammitinin bu istiqamətdə mühüm töhfə verəcəyini vurğulayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında Qazaxıstan, Azərbaycan və Türkiyənin ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini vurğulayaraq, türk dövlətləri arasında informasiya texnologiyalarının, nəqliyyat və tranzit dəhlizlərinin inkişafı ilə bağlı əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyindən danışıb.

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycanla münasibətlərinin yeni səviyyəyə yüksəldiyini vurğulayaraq bildirib ki, artıq Azərbaycanla Qırğızıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.

Macarıstanın Baş naziri Viktor Orban Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu qeyd edərək, bu əməkdaşlığın genişləndirilməsi zərurətindən danışıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev təşkilat çərçivəsində əməkdaşlıqdan danışaraq, TDT-nin Azərbaycanın ərazi bütövlüyünə daim dəstək verdiyini və bununla da dünyaya bütün türk dünyasının yekdilliyini nümayiş etdirdiyini bildirib.

Deputat daha sonra deyib:

– Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsi imzalanıb. Bəyannamədə dövlət başçıları türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan Türk Dövlətləri Təşkilatının çoxtərəfli əməkdaşlığını daha da genişləndirmək əzmində olduqlarını ifadə edib, eləcə də Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduqlarını da bir daha təsdiqləyiblər.

Tərəflər Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlərin hökumətləri və dövlət qurumları arasında müntəzəm olaraq təhlükəsizlik məsləhətləşmələrinin davam etdirilməsi barədə razılığa gəlib, hərbi-texniki sahədə daha sıx əməkdaşlığa çağırış ediblər.

Səmərqənd Bəyannaməsində Dördüncü Sənaye İnqilabı ilə bağlı potensial inkişaf sahələrində, o cümlədən, rəqəmsal iqtisadiyyat sahəsində üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Yeni yaradılmış xüsusi işçi qrupu vasitəsilə TDT çərçivəsində “e-imza” pilot layihəsinin həyata keçirilməsi, eləcə də ictimai xidmətlərin transformasiyası üzrə əməkdaşlığın davam etdirilməsi tövsiyə olunub, e-xidmətlər üçün rəqəmsal platformaların yaradılması ilə bağlı üzv dövlətlərin IT üzrə məsul nazirliklərinə təlimatlar verilib, üzv dövlətlər arasında əməkdaşlığı genişləndirəcək Rəqəmsal İpək Yolu çərçivəsində Trans-Xəzər fiberoptik infrastruktur layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qəbul olunmuş sənəddə TDT üzvlərinin dövlət qurumları, qeyri-hökumət təşkilatları, media qurumları, elm adamları, qərar qəbul edən və rəy verən şəxslər arasında əlaqələri və koordinasiyanı gücləndirmək məqsədi ilə ictimai diplomatiya, kommunikasiya və media sahələrində bir-biri ilə əməkdaşlıq etmək tövsiyə olunur, eləcə də beynəlxalq miqyasda dezinformasiya ilə uğurla mübarizə aparmaq və geniş ictimaiyyəti dəqiq məlumatlandırmaq məqsədilə yeni əməkdaşlıq imkanlarının yaradılması nəzərdə tutulur.

Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Avropa və Asiya arasında daha səmərəli nəqliyyat bağlantılarının genişləndirilməsi və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən “Özbəkistan–Qırğızıstan–Çin” və “Termiz–Məzar-i-Şərif–­Kabil–Pişəvər” dəmir yolu xətlərinin tikintisi üçün səylərin dəstəklənməsi də Bəyannamədə yer alıb.

Sənəddə cari ildə Türkiyə Respublikasının Bursa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi alqışlanıb, şəhərdə təşkil olunan fəaliyyətlərdən məmnunluq ifadə olunub, Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” elan edilməsi yüksək qiymətləndirilib. Şuşanın “2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsini yüksək qiymətləndirən dövlət başçıları TMİF tərəfindən 2022-ci ildə Bursada və 2023-cü ildə TÜRKSOY tərəfindən Şuşada təşkil olunacaq mədəniyyət günlərinə dəstəklərini ifadə ediblər.

Daha sonra “Türk Dünyasına Baxış–2040” sənədinin həyata keçirilməsi üçün “2022–2026-cı

illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası” təsdiqlənib, TDT çərçivəsində Ticarətin asanlaşdırılması strategiyası haqqında və Səmərqənd şəhərinin Türk sivilizasiyası paytaxtı elan olunması haqqında qərarlar qəbul edilib. Türk dövləri arasında gömrük dəhlizlərinin yaradılmasının asanlaşdırılması ilə bağlı saziş imzalanıb. Bundan əlavə, nəqliyyat sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan qərar da qəbul olunub.

Cavanşir Feyziyev sonda bildirdi: IX Zirvə Görüşünün iştirakçıları Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Türkmənistan Parlamentinin Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu Türk dünyasının Ali Ordeni ilə təltif olunmaları münasibətilə təbrik ediblər. Beləliklə, 11 noyabr 2022-ci ildə Səmərqənd şəhərində keçirilmiş TDT IX Zirvə görüşü dünya türk xalqlarının tarixi birliyinə gedən yolda dünya türklüyünün gələcək taleyi baxımından çox vacib qərarların qəbul olunduğu bir hadisə kimi tariximizə yazıldı. Bu Zirvə görüşündə qəbul olunmuş qərarların həyata keçirilməsi tarix boyu bir-birinə doğru can atan bütün türk xalqlarının birlik arzularının həyata keçirilməsi yolunda mühüm bir mərhələ olacaq.

Mənbə

Share: