“Türk dövlətlərinin tərəfdaşlığı yeni keyfiyyət halı alır”

“Türk dövlətlərinin tərəfdaşlığı yeni keyfiyyət halı alır”

 

      

Müstəqillik əldə etdikdən sonra Azərbaycanın xarici siyasətində Türkiyə və yeni müstəqil Türk dövlətləri ilə tərəfdaşlığımızın genişləndirilməsi və dərinləşdirilməsi xüsusi yer tutub. Türkiyə və yeni müstəqil Türk dövlətləri arasında bütün sahələrdə, ticari-iqtisadi, mədəni,təhsil humanitar və digər sahələrdə, o cümlədən parlamentlər arasında əməkdaşlıq üçün geniş imkanlar açılıb.Son 30 ildə həmin  istiqamətlərdə xeyli iş görülüb və Azərbaycanla Türkiyə arasındakı dostluq,qardaşlıq və yüksək səviyyəli iş birliyi lokomotiv rolunu oynamaqla, Türk dövlətlərinin  münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi Böyük Qələbə ilə yaratdığı yeni situasiya və reallıqlar,30 il düşmən tapdağında qalmış ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı həyata keçirilmiş və hazırda keçirilən layihələrin reallaşdırılmasında Türkiyənin geniş miqyasda iştirakı,digər Türk dövlətlərinin də öz töhfələrini verməyə başlaması tərəfdaşlığımızın genişlənib dərinləşməsinə və yeni keyfiyyət səviiyəsinə yüksəlməsinə özünəməxsus impuls verir.

      

Yeni geosiyasi reallıqlar Türk dövlətlərinin  tərəfdaşlığının yeni keyfiyyət halına gətirilməsini obyektiv tələbata çevirib. Bu kontekstdə Türk dövlətlərinin  tərəfdaşlığı yeni keyfiyyət halı alır.Türk Dövlətləri Təşkilatı (TDT) üzv dövlətlər arasında əməkdaşlıq üçün mühüm platformaya çevrilib.Bu özünü bir daha martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Türkiyədə baş verən zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən Fövqəladə Zirvə görüşündə təsdiq etdi. Türk dövlətlərinin bu vacib zamanda mükəmməl birlik və həmrəylik nümayiş etdirdilər. Fövqəladə Zirvə görüşündə Fevralın 6-da Türkiyədə baş verən zəlzələ səbəbli yaşanılan  fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın aktual məqamları ilə bağlı məsələlər müzakirə olundu.

   

Fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, fevralın 6-da baş verən zəlzələlərin şiddəti və onların törətdiyi dağıntıların böyüklüyü ilə bağlı beynəlxalq birliyi yardıma çağanda,Türk dünyası ilk yardım edənlər arasında oldu. Bizi ən çətin anımızda tək qoymadınız. “Dərd paylaşdıqca azalar” anlayışı ilə vətəndaşlarımızı həyata qovuşdurduq.Qurduğunuz səhra xəstəxanaları ilə yaralılarımızın müalicəsinə kömək etdiniz. Göndərdiyiniz çadırlar vətəndaşlarımızın yurdu oldu. Sevgili millətimiz heç vaxt unutmayacaq. Ərdoğan bildirib ki,zəlzələ fəlakətinin açdığı yaraların öhdəsindən həmrəylik və əməkdaşlıqla gəlinəcəyinə inanır.”Bugünkü məsləhətləşmələrimizin türk dünyasının fəlakətlərə qarşı hazırlıq səviyyəsinin artırılması və bu sahədə əməkdaşlığın gücləndirilməsi baxımından xeyirli olacağına inanıram. Birliyimiz gücümüzdür”.

      

Azərbaycan prezidenti  İlham Əliyev Zirvə görüşündə bildirib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır.Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir.Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.

    

Azərbaycan prezidenti bu çıxışında həm də Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı vacib  fikirlər də ortaya qoyub və bir daha dünyaya mesaj verib ki:” Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır.” Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir.Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir.Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.

     

Digər Türk dövlətlərinin rəhbərləri  öz çıxışlarında zəlzələ ilə əlaqədar türk xalqının yaşadığı ağrı-acının bütün Türk dövlətləri tərəfindən paylaşıldığını və qardaş Türkiyəyə hər zaman yardım göstərməyə hazır olduqlarını bildirdilər.

    

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yükunu olaraq Ankara Bəyannaməsi imzalanıb. Bəyannamədə zəlzələlərdən sonra bərpa və yenidənqurma işlərində Türkiyə xalqı və Hökuməti ilə həmrəylik ifadə edilib.TDT-yə Üzv və Müşahidəçi Dövlətlər milli tibbi xilasetmə qrupları arasında əməkdaşlığı gücləndirməyə və birgə potensialın gücləndirilməsi fəaliyyətlərində iştirak etməyə hazır olduqları bildiriblər.Zəlzələlərdən zərər çəkmiş şəxslərə nə zaman ehtiyac duyulduğu təqdirdə, humanitar yardım göstərməyə davam etdiriləcəyi bildirilib. Baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.TDT Üzv Dövlətləri arasında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşıyan Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanması alqışlandı və sair.

      Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Türkiyədə baş verən zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən Fövqəladə Zirvə görüşündə imzalanmış bu Bəyannamədə nəzərdə tutulanların  həyata keçirilməsi  türk xalqının qarşılaşdığı bu  çətinlikdən də daha güclü formada çıxdığına  öz töhfəsini verəcək.Eyni zamanda  Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul edilmiş digər sənədlərdə öz əksini tapan məqamların  dolğun, sistemili və ardıcıl surətdə həyata keçirilməsi Türk dövlətləri arasında əlaqələrin genişlənməsinə və dərinləşməsinə və dövlətlərimiz arasında qarşılıqlı dəstəyin və xalqlarımız arasında özünəqayıdışın güclənməsinə və bu əsasda türk dünyasının önəmli bir güc mərkəzinə çevrilməsinə və  beynlxalq aləmdə rolunun,qlobal proseslərə təsir güçünün artmasına xidmət edəcək.

 

Mənbə

Share: