Türk general Azərbaycanı təhdid edənlərə “Qardaş yumruğu”nu göstərdi

 

“Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimləri Şuşa Bəyannaməsinin şərtlərini özündə ehtiva edir”.

Millətin Səsi.az xəbər verir ki, bunu ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin ortaq hərbi gücü bölgədə sülhün və sabitliyin qorunmasının qarantıdır.

“Fransa, İran və Ermənistan olmaqla, Azərbaycana qarşı çıxan tərəflər anlamalıdırlar ki, iki qardaş ölkənin uzun illərdən bəri davam edən birgə təlimləri 44 günlük Vətən müharibəsində işğalçıya dərs, onun havadarlarına gözdağı olduğu kimi, birgə maraq və mənafelərimizin qorunması üçün bundan sonra da mövcud olacaq. İstər sərhəd qonşusu, istərsə də uzaq ölkə, hər kəs öz yerini və hərəkətini bilməlidir” – deyə türkiyəli general vurğulayıb.

O bildirib ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin təlimlərə cəlb edilməsi müdafiə sahəsində tarixi hadisə hesab oluna bilər.

Generalın fikrincə, təlimlər bölgəni təhdid edənlər başda olmaqla, bütün dünyaya göstərdi ki, Azərbaycanın dövlət sərhədləri, ərazi bütövlüyü və beynəlxalq hüququn verdiyi bütün hüquqları toxunulmazdır.

“Əgər Azərbaycanın ərazi bütövlüyünə və dövlət sərhədlərinə qarşı hər hansı təhdid olarsa, “Qardaş yumruğu” təlimləri gerçək gücə çevrilərək düşmənin aldığı tutarlı cavab olacaq”, – deyə  Yücel Karauz qeyd edib.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iki ölkə birgə təlimlərə başlayıb. Bakı şəhəri, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimlər geniş müzakirələrə səbəb olub. Müdafiə Nazirliyinin təlimlərdən yaydığı görüntülərdə diqqət çəkən məqamlardan biri çaylar üzərində keçid açmaq məqsədilə panton körpünün salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif  tapşırıqların icra edilməsi olub.

Azərbaycan və Türkiyənin birgə təlimləri İrana ünvanlanmış mesaj kimi qiymətləndirilir. Bildirilir ki, ermənipərəst siyasi xətt yürüdən Tehran bundan sonra həddini aşarsa, Azərbaycan və Türkiyənin dəmir yumruğunu öz üzərində hiss edəcək. Artıq İran hakimiyyəti bundan dərs çıxarmalı və atdığı addımları yüz ölçüb, min biçməlidir.

Mənbə

Share: