Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin hərbyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşada olublar.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Türkiyə Ehtiyatda olan Zabitlər Birliyi, Türkiyə Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Birliyini təmsil edən qazilər səfər çərçivəsində ilk olaraq Cıdır düzünə baş çəkiblər.
Dövlət Xidmətinin idarə rəisi polkovnik Şaiq Məmmədov Şuşa uğrunda gedən döyüşlər barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri Vətən müharibəsinin unikal əməliyyatlarından olan Şuşanın azad edilməsini yüksək peşəkarlıqla həyata keçiriblər.
O vurğulayıb ki, ərazi çətin relyefə malik olduğundan yüngül silahlarla silahlanmış xüsusi təyinatlı bölmələrimiz qalın meşələri, dağları, dərələri keçərək düşmənə gözlənilməz zərbə vurub düşməni üzbəüz döyüşdə məhv ediblər.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Şuşanın azad edilməsinin müharibənin taleyini həll etdiyini, bundan sonra düşmənin kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldığını diqqətə çatdırıb.
Türkiyə Ehtiyatda olan Zabitlər Birliyinin sədri, ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş Türkiyə cəmiyyətinin Azərbaycanın qələbəsini səbirsizliklə gözlədiyini, hər gün cəbhədən xəbərləri həyəcanla dinlədiyini vurğulayıb. İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib, Türkiyədə Azərbaycan Silahlı Qüvvələri üçün hərbi pilotların hazırlanması ilə bağlı xatirələrini danışıb.
Türkiyə qaziləri daha sonra Şuşanın tarixi yerlərinə ziyarəti davam etdiriblər.