
“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Türkiyədə inflyasiyanın ilin ikinci yarısında yavaşlamağa başlayacağını, lakin yüksək olaraq qalacağını və ilin sonuna qədər 45 % civarında olacağını gözləyir.
Agentliyin analitikləri ölkənin pul-kredit siyasətində nəzərəçarpacaq dəyişikliklərin olduğunu və bunun mövcud çox yüksək inflyasiyanın daha dayanıqlı səviyyələrə endirilməsi perspektivlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını vurğulayırlar.
“2023-cü ilin iyun ayından etibarən Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini qətiyyətli şəkildə 34 faiz bəndi artıraraq hazırkı 42,5 %-ə qaldırıb və yaxın gələcək üçün daha da sərtləşdirmə olacağına işarə edib.
İllik inflyasiya dərəcələrinin hazırda çox yüksək olmasına (2023-cü ilin dekabrında illik inflyasiya 64,8 % təşkil edib), onun yaxın gələcəkdə də artmağa davam edəcəyinə baxmayaraq, inflyasiya tempi aydan-aya yavaşlamağa başlayıb: oktyabr-dekabr aylarında temp orta hesabla 3 % təşkil edib. Halbuki ötən ilin iyul-avqust aylarında bu rəqəm 9 %-dən də çox idi”, – “Moody’s” qeyd edib.